Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” yanvarın 26-da Prezident İlham Əliyevə müraciət edərək “Meydan TV işi” üzrə həbsdə olan 12 jurnalistin dərhal azad edilməsini və sağlamlıq problemləri olan ən azı üç nəfərin təcili tibbi yardımla təmin olunmasını tələb edib.
“Amnesty International” müraciətində bildirir ki, “Meydan TV” və ona bağlı media platformalarından 12 jurnalist 2024-cü ilin dekabrından bəri Azərbaycanda əsassız ittihamlarla saxlanılır və onların həbsi jurnalist fəaliyyətinə görə qisas xarakteri daşıyır.
Təşkilatın məktubuna görə, saxlanılanlardan ən azı üç nəfərə təcili ehtiyac duyduqları tibbi yardım göstərilmir və onların səhhəti sürətlə pisləşir. “Amnesty International” xüsusi risk qrupunda olan şəxslər arasında Şəmşad Ağanı (mədə problemi), Aynur Elgünəşi (əməliyyatdan sonra reabilitasiya ehtiyacı) və Ülviyyə Əlini (xroniki xəstəliklə bağlı mütəmadi tibbi prosedurlar tələb olunur) qeyd edir.
Müraciətdə həmçinin saxlanma şəraitinin, o cümlədən həddən artıq dolu kameralar, psixoloji təzyiq, eləcə də bəzi şəxslərin cinsi xarakterli təhqir və hədələrə məruz qaldıqları barədə iddiaların işgəncə və digər pis rəftar kimi qiymətləndirilə biləcəyi vurğulanır. Jurnalist Aysel Umudovanın saxlanılarkən polisin cinsi qısnamasına məruz qalması, Xəyalə Ağayevanın psixoloji təzyiqlə üzləşdiyi və digər jurnalist Nurlan Librenin də fiziki zorakılığa qalması yazılır.
Təşkilat bu iddiaların effektiv araşdırılmasını tələb edir.
“12 jurnalistə qarşı irəli sürülmüş cinayət ittihamları saxtadır və uydurmadır. Onlar Azərbaycanın maliyyə qanunvericiliyini pozmaqda ittiham olunurlar, halbuki bu qaydalar həddindən artıq məhdudlaşdırıcıdır və açıq şəkildə müstəqil media və QHT-ləri maliyyə mənbələrindən məhrum etmək məqsədi daşıyır. Bu qaydalar Meydan TV kimi qurumlar üçün qanuni tələblərə əməl etməyi faktiki olaraq mümkünsüz edir.
Mövcud qaydalara əsasən, hökumət açıq şəkildə icazə vermədiyi təqdirdə istənilən müstəqil maliyyələşmə qanunsuz sayılır və bu cür icazələr tənqidçilər üçün heç vaxt verilmir. Jurnalistlər həmçinin özlərini və başqalarını qanunsuz şəkildə varlandırmaqda və açıq-aşkar həqiqətə uyğun olmayan digər cinayətlərdə ittiham edilirlər. Onların yeganə “cinayəti” hökuməti tənqid edən, müstəqil jurnalist olmalarıdır”, - bəyanatda deyilir.
Təşkilat Prezident İlham Əliyevdən müstəqil media və fərqli fikrə qarşı təqiblərə, jurnalistlərə qarşı əsassız cinayət işlərinə son qoymasını, “Meydan TV işi” üzrə 12 jurnalistin və ümumilikdə əsassız saxlanılanların dərhal azad edilməsinin təmin edilməsini, saxlanılanlara qarşı işgəncə və pis rəftar iddialarını səmərəli araşdırması və bu arada səhhəti riskdə olan jurnalistlərin gecikmədən tibbi yardım almasının təmin edilməsini istəyir.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Ülvi Tahirov 2024-cü ilin dekabrında saxlanılıb. Bu ilin fevralında iş üzrə “Arqument.az”ın baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre (Qəhrəmanlı) həbs olunub. Mayda jurnalist Ülviyyə Əli (Quliyeva), avqustda isə foto-müxbir Əhməd Muxtar barəsində həbs-qətimkan tədbiri seçildiyi bildirilir.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı qeyd olunur. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.