Akif Qurbanov və Ruslan İzzətli: “Mübarizəni həbslə, zindanla bloklaya bilməzlər, yalnız fiziki yoxluğumuz bizi susdura bilər”

Akif Qurbanov və Ruslan İzzətli: “Mübarizəni həbslə, zindanla bloklaya bilməzlər, yalnız fiziki yoxluğumuz bizi susdura bilər”
23 Yanvar 2026
Mətni dəyiş

“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının spikeri Akif Qurbanov və qurucu üzv Ruslan İzzətli ictimaiyyətə müraciət edərək, dəstək və informasiya blokadasının aşılması üçün sosial şəbəkələrdə daha fəal olmağa çağırıblar.

Ruslan İzzətlinin “Facebook” hesabından yayımlanan müraciətdə bildirilib ki, onlar iki ilə yaxındır həbsdə saxlanılırlar və “yalnız fiziki yoxluqları” susdurulmalarına səbəb ola bilər.

Müraciəti olduğu kimi təqdim edirik:

“İki ilə yaxındır ki, rejim bizi kiçik həbsxana hücrəsində saxlayır. Məqsədi cəmiyyətin önündə gedəcək, sizin səsiniz olacaq şəxsləri bloklamaqla varislik prinsipinə söykənən rejimlərini möhkəmləndirməkdir. Qazanan bir qrup, itirən isə millətimizdir. Bu isə məmləkətimizi qaranlığa qərq etməkdir.

Dövlətimizin qurucu lideri Rəsulzadə bizə həm də dönməzlik örnəyini miras qoydu. Millət, məmləkət maraqlarını şəxsi maraqlardan üstün tutmağı bizə Rəsulzadə öyrətdi.

İki il ərzində çalışırıq millətimizə göstərək ki, mübarizəni həbslə, zindanla bloklaya bilməzlər. Fürsət düşdükcə yenə də sizin səsiniz olmağa çalışırıq. Açıq bəyan edirik ki, yalnız fiziki yoxluğumuz bizi susdura bilər.

Prosesi yaxından izləyən vətəndaşlarımız səsimizin daha böyük kütləyə çatmasına yardımçı oldu. Buna görə də təşəkkür edirik.

Səhifəmizi izləyən, prosesin izləyicisi deyil, iştirakçısı olmağa çalışan dostlarımızdan istəyimiz var:

Bu gün hər birinizin əlində ağıllı telefon var. Siz təkcə informasiya alıcısı yox, həm də informasiya istehsalı ilə məşğul ola bilərsiniz. Sosial medianın artıq ənənəvi medianı keçdiyi bir dönəmdə siz ağıllı telefonunuz və sosial şəbəkə hesablarınız vasitəsilə səsimizin daha çox insana çatmasına yardımçı ola bilərsiniz. Belə ki, səhifədə yayılan materialların daha çox insana çatması üçün sosial şəbəkə hesablarınızda paylaşaraq, həmçinin kiçik videolar hazırlayıb yaymaqla rejimin informasiya blokadasını yarmaqla dəstək ola bilərsiniz.

Amalımız millətimizin, ölkəmizin xoşbəxt gələcəyidirsə, birlik göstərməliyik. Sizin dəstəyinizə ehtiyacımız var.

Sizə inanırıq! Sizin addımınız çox önəmlidir! Birlikdə məmləkətimizin, azadlığı üçün addım ataq”.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açıldığı bildirilir. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi bildirilir.

Saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham ediliblər, sonradan ittihamların ağırlaşdırıldığı açıqlanıb. Təqsirləndirilənlər ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun