ABŞ hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinlə həmin dövrdə ABŞ Prezidenti olan Corc Buş arasında 2001–2003-cü illərdə keçirilmiş danışıqlara dair bir sıra sənədlərin məxfilikdən çıxarıldığını açıqlayıb.
Sənədlərdə Çeçenistandakı vəziyyətin müzakirə edildiyi görüşlərin stenoqramları yer alır. Transkriptləri ABŞ-nin Milli Təhlükəsizlik Arxivi (National Security Archive) dərc edib. Açar sənədlərdən biri 21 oktyabr 2001-ci il tarixli söhbətə aiddir. Bu danışıq 11 sentyabr terror hücumlarından bir qədər sonra və İkinci Çeçen müharibəsi davam edərkən baş tutub.
Sənədə görə, Buş əvvəlki müzakirələri xatırladaraq Rusiyanın “mülayim çeçenlərə” imkan verməli olduğunu, onların “əl-Qaidə” kimi radikal qrupları sıxışdırıb çıxara biləcəyini deyib. Kontekstdən göründüyü kimi, Buş “mülayim çeçenlər” dedikdə həmin dövrdə Çeçenistan İçkeriya Respublikasının prezidenti sayılan və Rusiyaya qarşı müstəqillik uğrunda mübarizə aparan Aslan Məshadovun çevrəsini nəzərdə tutub.
Putin isə cavabında Məshadovun real təsir gücünün olmadığını bildirib. Onun sözlərinə görə, Məshadovun ətrafında “cəmi 200–300 nəfər” var və o, guya ABŞ Dövlət Departamentinin “ərəb terrorçularından qurtulmaq” çağırışlarını dinləsə də, bunu etmək üçün nə gücü, nə də resursu çatır. Putin iddia edib ki, Məshadovun arxalana biləcəyi baza yoxdur.
Söhbət zamanı Buş Putindən birbaşa soruşub ki, o, bütün çeçenləri terrorçu sayırmı. Putin bunu təkzib etsə də, “bütün döyüşçülərin” terrorçu olduğunu iddia edib. Transkriptdə Putinin həmin döyüşçüləri guya Osama bin Ladenin hazırladığı və “hətta ona bənzəməsi” barədə dedikləri də yer alır. Putin, həmçinin mülki şəxslərə qarşı Rusiya ərazisində törədilən terror aktları ilə bağlı göstərişləri bin Ladenin verdiyini düşündüyünü bildirib.
Məxfilikdən çıxarılan materiallarda Putinin Çeçen döyüşçülərini beynəlxalq cihad hərəkatı ilə əlaqələndirən digər fikirləri də var. O, “əl-Qaidə və bin Ladenlə işləyən bu adamların” guya “İvanları öldürməkdən yorulduqlarını”, buna görə Əfqanıstana gedib “orda kök amerikalıları öldürmək” istədiklərini, sonra yenidən Çeçenistana qayıtmağı planlaşdırdıqlarını söyləyib.
Danışığın ayrıca hissəsi münaqişənin tarixi kontekstinə həsr olunub. Putin Çeçenistanı “400 illik problem” adlandırıb və çeçenlərin həmişə müstəqillik istədiyini deyib. Transkriptə görə, o, bunu “hörmətlə qarşılamaq” lazım gəldiyini qeyd etsə də, “bu gün bunun mümkün olmadığını” vurğulayıb.
Putin, həmçinin Rusiyanın 1995-ci ildə Çeçenistandan “tamamilə çəkildiyini” və faktiki olaraq ona qeyri-rəsmi müstəqillik verdiyini iddia edib. Onun fikrincə, bu addımın nəticəsi “radikal islamın” yüksəlişi olub.
Putin radikallaşma probleminin həllini “ənənəvi dini institutların” radikal islamı sıxışdırıb çıxarmasında gördüyünü deyib. O, Rusiyanın “ənənəvi islamı” dəstəklədiyini və hakimiyyətin onunla “yaxşı münasibətlərə” malik olduğunu bildirib. Bununla yanaşı, Putin Rusiya hərbçilərinin “bəzən cinayət törətdiyini” də etiraf edib, lakin hakimiyyətin “tədbirlər gördüyünü” əlavə edib və ABŞ-ni vəziyyətə “qarışmamağa” çağırıb.
Söhbətin sonunda Putin Gürcüstan mövzusunu qaldıraraq həmin dövrdə ölkə prezidenti olan Eduard Şevardnadzeni ya vəziyyətə göz yummaqda, ya da Gürcüstanda nəzarəti təmin edə bilməməkdə ittiham edib. Putin iddia edib ki, çeçen döyüşçüləri Gürcüstan ərazisində təxminən 1 500 hərbiləşdirilmiş düşərgə yaradıb.