Əziz Orucovun vaxtından əvvəl azad olunması ilə bağlı müraciət təmin edilməyib

Əziz Orucovun vaxtından əvvəl azad olunması ilə bağlı müraciət təmin edilməyib
25 Sentyabr 2025
Mətni dəyiş

Sentyabrın 25-də Suraxanı rayon Məhkəməsində “Kanal 13” internet televiziyasının rəhbəri, hazırda 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Əziz Orucovun vaxtından əvvəl azad olunması üçün müdafiə tərəfinin müraciətinə baxılıb. Bu barədə məlumatı jurnalistin ailəsi “Azadlıq Radiosu”na verib.

Ailənin açıqlamasına görə, məhkəmə prosesində həbsxana rəhbərliyinin təqdim etdiyi müsbət rəyə və Orucovun müalicə müəssisəsində davamlı nevroloji müalicə almasına baxmayaraq, Ədliyyə Nazirliyinin mənfi mövqeyi əsasında hakim onun vaxtından əvvəl azad olunmasını təmin etməyib. Maraqlı tərəflərin mövqeyi hələlik məlum deyil.

Əziz Orucovun cəzasının bitməsinə 2 ay 2 gün qalıb. O, 2023-cü il noyabrın 27-də icazəsiz ev tikintisi ittihamı ilə həbs olunub. Daha sonra dekabrın 19-da ona valyuta qaçaqmalçılığı ittihamı da irəli sürülüb. İstintaq yekunlaşarkən bu ittiham götürülüb. 

2024-cü il fevralın 26-da Səbail rayon Məhkəməsi hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə jurnalist 2 il müddətinə azadlıqdan məhrum edilib. Orucov ittihamları qəbul etmir.

Azərbaycanda 2023-cü ilin noyabrından bəri jurnalistlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə və siyasi-ictimai fəallara qarşı repressiyalar davam edir. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda ölkədə 375 siyasi məhbus var.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun