Vatslav Havel İnsan Hüquqları Mükafatı ukraynalı jurnalist Maksim Butkeviçə təqdim edilib

Vatslav Havel İnsan Hüquqları Mükafatı ukraynalı jurnalist Maksim Butkeviçə təqdim edilib
30 Sentyabr 2025
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyasının açılışında 13-cü Vatslav Havel İnsan Hüquqları Mükafatının qalibi elan olunub. Bu il mükafata ukraynalı jurnalist və insan haqları müdafiəçisi Maksim Butkeviç layiq görülüb.
 
Butkeviç “Zmina” İnsan Hüquqları Mərkəzinin və “Hromadske Radio”nun həmtəsisçisidir. Pasifist baxışlarına baxmayaraq, o, 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlanğıcında könüllü olaraq Silahlı Qüvvələrə qoşulub və taqım komandiri kimi xidmət edib. Daha sonra rus qüvvələri onu əsir götürərək 13 il müddətinə həbs cəzasına məhkum edib. İki ildən artıq ağır şəraitdə saxlanıldıqdan sonra 2024-cü ilin oktyabrında əsir mübadiləsi nəticəsində azadlığa çıxıb. Butkeviç bu gün də ədalət və azadlıq uğrunda mübarizənin cəsarət və dözüm rəmzi kimi tanınır.
 
Bu il mükafat üzrə digər iki finalçı da jurnalistlər olub: Gürcüstandan jurnalist Mzia Amaqlobeli və Azərbaycandan “Abzas Media”nın direktoru Ülvi Həsənli. Onlar hazırda öz ölkələrində həbsdə saxlanıldığı üçün, diplomları müvafiq olaraq Amaqlobelinin vəkili Maya Mtsariashvili və “Abzas Media”nın müvəqqəti direktoru Günel Səfərovaya təqdim olunub. 
 
“Abzas Media”nın həbsdəki direktorunun adından mərasimdə onun həyat yoldaşı Rübabə Quliyeva iştirak etməli idi. Ancaq sentyabrın 28-də hava limanında pasport yoxlanışı zamanı ona Daxili İşlər Nazirliyinin ölkədən çıxışına qadağa qoyduğu bildirilib. Qadağanın hansı işlə bağlı olduğu barədə isə heç bir izahat verilməyib.
 
Mərasimdə Günel Səfərova Rübabə Quliyevanın məktubunu oxuyub. Məktubda bildirilib ki, Ülvi və digər həmkarları həqiqəti dedikləri üçün həbsdədirlər.
 
“Ülvi Həsənli həbsdədir, çünki o, həqiqətə, azadlığa və xalqımız üçün ədalətə inanırdı. 2025-ci ilin iyununda hakim ona 9 il cəza verərkən o, son sözündə belə demişdi: “Həbsxana ümidsizlik deyil, həbsxana zülm deyil. Mübarizə davam edir. Həqiqət bizimlədir”. Bu sözlər mənə hər gün güc verir”.
 
Məktubda deyilir ki, Ülvi Həsənli tək deyil:
 
“Onunla yanaşı, “Abzas Media”nın üçü qadın olmaqla altı əməkdaşı da həbsdədir. Mən onların adlarını fəxrlə çəkmək istəyirəm: Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnara Qasımova, Hafiz Babalı və Məhəmməd Kekalov. Həmçinin iqtisadçı və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehrəlizadə də “Abzas Media işi” çərçivəsində 9 il həbs cəzası alıb”.
 
Rübabə Quliyeva məktubunda Azərbaycandakı siyasi məhbuslara da diqqət çəkib:
 
“Bu gün Azərbaycanda 370-dən çox siyasi məhbus var, onların 25-dən çoxu jurnalistlərdir. Onlar yalnız həqiqəti söylədiklərinə görə azadlıqlarından məhrum ediliblər. Hökumət müstəqil medianı bağlaya bilər, amma ürəklərimizdəki ümid bağlana bilməz. Mən istəyirəm ki, dünya onların səsini mənim vasitəmlə eşitsin. Ülvi və dostları unudulmayıb. Onların mübarizəsi yaşayır,” - Rübabə Quliyevanın məktubunda deyilib.
 
Təqdimat mərasimində çıxış edən AŞPA sədri Teodoros Rusopulos isə bu ilki üç namizədin jurnalist olmasının təsadüfi olmadığını bildirib:
 
“Söz və ifadə azadlığı, müstəqil və plüralist media olmadan demokratiya yoxdur”, – deyə o vurğulayıb. Rusopulos Avropa Şurasının “Jurnalistlərin təhlükəsizliyi platforması”nın 2025-ci ilin martına qədər Avropada 171 jurnalistin həbsdə olduğunu qeydə aldığını xatırladıb. Onların 98-i Avropa Şurası üzv dövlətlərində, ən azı 26-sı isə Rusiyanın qanunsuz saxladığı ukraynalı jurnalistlərdir.
 
O, həmçinin Amaqlobeli və Həsənlinin dərhal azad olunmasına çağıraraq belə deyib:
 
“Sizin səsiniz susdurula bilər, amma varlığınız aydın və güclü şəkildə eşidilir”.
 
Mükafatı qəbul edən Butkeviç bunun onun üçün böyük şərəf olduğunu deyib və mükafatı rusiyalı əsirlikdə qalan ukraynalı hərbçilərə, mülki şəxslərə, həmçinin avtoritar rejimlərdə azadlığından məhrum edilən bütün jurnalistlərə həsr edib:
 
“Ukrayna yalnız ərazi bütövlüyünü deyil, həm də fundamental dəyərləri müdafiə edir. Bizim əməkdaşlığımız, azadlığımız və qarşılıqlı hörmət, ləyaqət və qorxusuz yaşamaq istəyimiz bu dəyərlərə əsaslanır”.
 
Vatslav Havel İnsan Hüquqları Mükafatını hər il AŞPA, Vatslav Havel Kitabxanası və “Charta 77” Fondu təqdim edir. Mükafat 60 min avro pul mükafatı, kubok və diplomdan ibarətdir.
 
Əvvəlki illərdə bu mükafata bir çox tanınmış insan hüquqları müdafiəçiləri layiq görülüb. Onların arasında 2014-cü ildə azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədli də var.
 
“Abzas Media”nın direktoru Ülvi Həsənli qaçaqmalçılıq və maliyyə cinayətlərində təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu ittihamların əsassız olduğunu bildiriblər və onun həbsini siyasi motivli hesab ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun