“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli həbsxanadan məktub göndərib. O, köçürülmə prosesi, şəxsi əşyalarının oğurlanması, məhkəmə qərarlarının ədalətsizliyi və məhbuslara qarşı sistemli işgəncə ilə bağlı iddialarını ictimaiyyətlə bölüşüb.
Həsənli yazır ki, 26 iyun səhər saat 8-də Bakı İstintaq Təcridxanasındakı (BİT) kamerasına rəis müavini Cavid Güləliyev və nəzarətçi daxil olub və ona xəbər verilmədən köçürülmə həyata keçirilib:
“Cavid dedi ki, “Hazırlaş, Umbakıya gedirsən”. Bizim “Kürdəxanı”dan köçürülməyimizin qanunsuz olmağı bir tərəfə, həm də bizə düşmən münasibətinin bariz nümunəsi idi. Hər kəsə bir neçə gün əvvəl başqa təcridxanaya köçürülməklə bağlı məlumat verilmişdi, amma biz hazırlıqsız idik”.
Həsənli qeyd edir ki, çoxlu kitab və əşyaları olduğundan hamısını götürə bilməyib:
“Bir hissəsini Bakı İstintaq Təcridxanasının 8-ci korpusunun 3-cü kamerasında qoydum. Cavid Güləliyev dedi ki, “ya qayıdacaqsan, olmasa, yaxınların gəlib götürər””.
O bildirir ki, çantalarının ikisi yoxlama adı ilə götürülüb və bəzi əşyaları, o cümlədən dostunun hədiyyə etdiyi ətir yoxa çıxıb:
“Əlbəttə ki, onları “Kürdəxanı”da “şmon” bölməsinin hansısa işçisi oğurlamışdı. Ətir oğurlamaq söhbəti birinci hal deyildi. Bundan əvvəl iki fərqli kamera yoldaşımın da ətirlərini “şmon” bölməsinin əməkdaşları oğurlamışdı. Sonra həmin əməkdaşlar gəlib “halallıq” istəmişdilər. Deyirdilər ki, xoşları gəlib, ərk edib götürüblər. İndi həmin oğurluğun hədəfi mən olmuşdum”.
Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra onun BİT-ə geri qaytarılmayacağını anlayan Həsənli yaxınlarına orada qalan əşyalarını götürməyi tapşırdığını deyir. Lakin nəticə dəyişməyib:
“Yaxınlarım “şmon”da itən əşyalarımla bağlı rəis müavinləri Cavid Güləliyev və Əhəd Abdiyevə problemi çatdırıblar. Amma oğurlanan əşyalarımın aqibəti bir tərəfə, orada qalan 27 kitabım da “yoxa çıxıb””.
Məktubda Həsənli həbsxana əməkdaşlarının cəzasız qalmasından yazır:
“Bir dəfə Cavid Güləliyevə dedim ki, çöldə kimsə kimisə vursa, döysə, işgəncə versə, həmin adamı həbs edərlərmi? Dedi ki, “Hə, əlbəttə. Deməli, həmin adam cinayətkardır”. Dedim, “Bax, sən və digər adam döyən əməkdaşların da işgəncə verməklə cinayət törədirsiniz”. Bu söhbət onun xoşuna gəlmədi. “Mən cinayətkar deyiləm” dedi. İndi bu məsələ də həmin silsilədəndir. Cəmiyyət içində sıravi vətəndaşlar oğurluq edəndə həbs olunur, amma Bakı İstintaq Təcridxanasında oğurluq edən əməkdaşlar vəzifə başındadırlar, guya qanunları mühafizə edirlər. Rəis Elnur İsmayılov dustağın haqqını oğurlayıb, Cavid Güləliyev, Ceyhun Hacıyev dustaqlara sistemli işgəncələr verib cinayət törədir, amma vəzifədə qalırlar. Deməli, onlar da cinayət törədib cəzasız qala bilərlər”.
Həsənli Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sözlərini xatırladaraq yazır:
“Jurnalist Saakaşvilidən soruşur: “Siz necə oldu ölkədə korrupsiyanın kökünü kəsdiniz?” Saakaşvili cavab verir: “Çünki mən rüşvət almadım”.
Məktubun sonunda Həsənli dövlət qurumlarını məhbusların real problemləri ilə maraqlanmağa səsləyib:
“Ombudsman, Baş Prokurorluq, Ədliyyə naziri arada imkan tapıb həbsxanalara baş çəksinlər. Cədvəllərində “quş” qoymaq xatirinə yox, məhbusların həqiqi problemləri ilə maraqlansınlar və həll etsinlər”.
Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Onunla birlikdə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.