“Toplum TV işi”: ““Toplum TV”nin peşəkar və müstəqil media platforması olması hökuməti narahat edib”

“Toplum TV işi”: ““Toplum TV”nin peşəkar və müstəqil media platforması olması hökuməti narahat edib” Foto: Toplum TV
22 Sentyabr 2025
Mətni dəyiş

Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. İclas hakim Azər Tağıyevin sədrliyi ilə baş tutub.

“Toplum TV”nin məlumatına görə, təqsirləndirilənlərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli ötən prosesdə yarımçıq qalmış çıxışına davam edib. O, evindən tapıldığı iddia olunan pulları polisin yerləşdirdiyini bildirib:

“6 mart 2024-cü ildə saxlanıldım və həmin gün sərbəst buraxıldım. İki gün sonra, martın 8-də həbs olundum. Hakimiyyətin yandaş mediası məni cəmiyyətə qaçaqmalçı kimi təqdim etdi. Əgər evimdəki pul mənim idisə, niyə ipoteka borcumu ödəmirdim, niyə ölkəni tərk etmirdim, niyə polis idarəsinə dostlarım üçün getmişdim? Cinayətkar idimsə, niyə gizlənmirdim?”

İzzətli deyib ki, məhkəmə qərarı olmadan dövlət rəsmiləri və hakimiyyətyönlü media onun barəsində qaçaqmalçı kimi məlumat yayıb və təqsirsizlik prezumpsiyasını pozub. O, bu vəziyyəti Stalin dövrünün repressiyaları ilə müqayisə edib.

“Stalin NKVD əməkdaşlarına deyirdi ki, məhbusları minin, onlar etiraf etməyincə düşməyin. Azərbaycan hakimiyyəti də tənqidçilərinə həmin metodla yanaşır”, - o deyib. 
 
Ruslan İzzətli məhz “Toplum TV işi” üzrə həbs olunması ilə bağlı deyib ki, o, internet televiziyasına yalnız könüllü dəstək olub. 
 
“Dostlarımın çalışdığı bu müstəqil, tərəfsiz medianın daha çox izləyiciyə çatması üçün bilik və bacarıqlarımı burada çalışan könüllü gənclərlə bölüşmüşəm”, - o bildirib. 

Daha sonra Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal çıxış edərək həbsini əsassız adlandırıb:

“Nə yaxşı ki, budəfəki siyasi repressiyada dostlarımın, müəllimlərimin, əqidə yoldaşlarımın təkcə mənəvi olaraq, sözlə yox, həm də fiziki olaraq yanlarındayam. Əks halda, bu, mənim üçün çox çətin olardı. Bəzi çətinliklər var ki, bizim kimi əqidəli, ləyaqətli, mənəviyyatlı insanlar üçün azadlıqdan daha rahatdır. Məsələn, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova kimi dostum olan əyilməz həmkarlarım, İlkin Əmrahov, Ramil Babayev, Akif Qurbanov, Ruslan İzzətli, Müşfiq Cabbarov, Fərid İsmayılov və Ələsgər Məmmədli kimi cinayət törətməmiş “cinayətkar” dostlarım, “podelnik”lərim həbsdə ola-ola, azadlıqda qalmaq mənim üçün türmənin “karser”ində olmaqdan belə mənəvi cəhətdən daha çətin və ağrılı olardı”.

Ardınca “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli danışıb. O, uzunmüddətli ictimai fəaliyyətini xatırladaraq media hüququ, təlimlər və kitablarla maarifləndirmə işləri gördüyünü bildirib:

““Toplum TV” könüllü insanların əməyinin nəticəsidir. Onun peşəkar və müstəqil media platforması olması hökuməti narahat edib. Buna görə də biz saxta ittihamlarla həbs olunmuşuq”.

Məmmədli həmçinin məhkəmədən “Toplum TV”nin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın olub-olmamasını araşdırmağı xahiş edib. Vəsatət təmin olunub.

Növbəti məhkəmə prosesi sentyabrın 29-na təyin edilib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Onlardan Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, İDİ rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, platforma üzvü Ruslan İzzətli, İDİ əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov həbs olunub. Jurnalist Elmir Abbasov isə polis nəzarətinə verilib.

İlk mərhələdə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra isə ittihamlar ağırlaşdırılıb.

“Toplum TV” baş verənləri peşə fəaliyyətləri ilə birbaşa bağlı adlandıraraq bunu müstəqil mediaya qarşı təzyiq kimi qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun