Tiktoker “Miray”: “Rəis məni həbsxanada çürüdəcəyini, oğlumu əlimdən aldıracağını dedi”

Tiktoker “Miray”: “Rəis məni həbsxanada çürüdəcəyini, oğlumu əlimdən aldıracağını dedi”
23 Sentyabr 2025
Mətni dəyiş

Bu ilin avqustunda həbs edilən “Miray” ləqəbli tiktoker Aysel Mustafayeva Sumqayıt polisinin ona qarşı qanunsuzluqlar etdiyini iddia edib.

Hazırda Bakı İstinaq Təcridxanasında saxlanılan Aysel Mustafayeva bu barədə “Abzas Media”ya danışıb.

O, redaksiyamıza yazdığı məktubunda Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev və digər polis əməkdaşlarının hərəkətlərini təsvir edib.

Mustafayevanın sözlərinə görə, avqustun 27-də evindən zorakılıqla çıxarılaraq Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb:

“Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyevin mənə qarşı qanunsuz hərəkətlərini ictimailəşdirdiyimə görə, polis bölməsində mənə 6 qram narkotik “yüklədilər”. Fəqan Azadəliyevdən etdiyim şikayətlərin hamısı yenidən ona yönləndirildiyinə görə, heç bir cavab ala bilməmişəm,” – deyə o yazıb.

O bildirib ki, polislər evinə zorla daxil olarkən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin qaynar xətlərinə müraciət edib.

Mustafayeva həmçinin iddia edib ki, Fəqan Azadəliyev onun bütün zənglərinə qadağa qoydurub və onun göstərişi ilə polis idarəsinin saxlanma yerində döşəmələri silməyə məcbur edilib.

Məktubunda o, sentyabrın 15-də Sumqayıt Rayon Məhkəməsində telefon danışıqlarınaa qoyulan qadağanın götürülməsi üçün vəsatət verdiyini də bildirib. Lakin müstəntiq materialları göndərmədiyi üçün məhkəmə təxirə salınıb.

Aysel Mustafayeva sentyabrın 17-də polis rəisi Fəqan Azadəliyevlə görüşdüyünü də qeyd edib:

“11 yaşlı oğlumdan xəbər ala bilmək üçün zəng qadağamın götürülməsini xahiş etdim. Fəqan Azadəliyev cavabında məni həbsxanada çürüdəcəyini, oğlumu isə əlimdən alıb məni analıqdan məhrum edəcəyini dedi”.

Mustafayeva yazır ki, həmin gün saxlanma yerində etiraz əlaməti olaraq özünü yandırmağa cəhd edib.

Tiktoker daha əvvəl də oxşar qanunsuzluqlarla üzləşdiyini bildirib. Onun sözlərinə görə, 2024-cü ilin aprelin 16-da Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Cavidan Məmmədov onu polis idarəsinə çağıraraq üç telefonuna məhkəmə qərarı olmadan əl qoyub. Mayın 3-də isə “şərlənərək 500 manat cərimələndiyini” qeyd edib:

“O zaman etiraz əlaməti olaraq başımı dibindən qırxmışdım. Həmin cəriməni sonradan özləri ödəyiblər, amma məsələni DİN rəhbəri Vilayət Eyvazova məişət zorakılığı kimi təqdim ediblər”.

Məktubda həmçinin qeyd olunur ki, Mustafayevanın DİN rəhbərliyinə etdiyi müraciətlər ünvana çatdırılmayıb.

Avqustun 28-də Aysel Mustafayeva Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Aysel Mustafayevanın iddiaları ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Son aylar Azərbaycanda ard-arda bir neçə tiktokerin saxlanılması müşahidə olunur. Rəsmi açıqlamalarda səbəb kimi narkotik maddələrlə bağlı ittihamlar göstərilsə də, DİN bu şəxslərin sosial şəbəkələrdə “cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar” etdiyini də əsas kimi göstərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun