Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə prosesdə II Respublika Platformasının qurucu üzvü, siyasi məhbus Ruslan İzzətli ifadə verib. O, çıxışında həbsinin siyasi sifariş olduğunu və hakimiyyətin uzun illər ona qarşı təzyiqlər göstərdiyini bildirib.
İzzətli deyib ki, ilk “cəzalandırılması” 2020-ci ildə keçirilən parlament seçkilərindəki fəaliyyətindən sonra baş verib:
“Hakimiyyət düşünürdü ki, məni hərbi xidmətə göndərməklə siyasətdən çəkindirəcək. Saxta sənədlə sağlam kimi hərbi xidmətə apardılar. Halbuki xidmətin dördüncü ayında böyrəyimdən əməliyyat olundum. Əminəm ki, əgər Sibir sürgünləri hələ də mövcud olsaydı, ora da göndərərdilər”.
Siyasətçi məhkəmədə hazırkı hakimiyyətin davranışlarını stalinizm dövrü ilə müqayisə edib:
“Stalin NKVD əməkdaşlarına deyirdi ki, məhbusları minin, etiraf etməyincə düşməyin. Azərbaycan hakimiyyəti də tənqidçilərinə qarşı həmin metodla yanaşır”.
Ruslan İzzətli ittiham aktını tamamilə saxta adlandırıb:
“İttihamda yazılır ki, 2021-ci ilin ilk üç ayında sürücümə 1200 manat pul vermişəm. Halbuki həmin ilin iyuluna qədər təmas xəttində hərbi xidmətdə olmuşam. Evimdə tapıldığı deyilən 4800 avronu isə polis əməliyyatçıları qoyub”.
O, martın 6-da saxlanıldıqdan sonra buraxıldığını, martın 8-də isə yenidən həbs olunduğunu xatırladıb:
“Əgər pul mənim idisə, niyə ipoteka borcumu ödəmirdim? Niyə ölkəni tərk etmədim? Cinayətkar idimsə, niyə polis idarəsinin qarşısına gedib saxlanılan dostlarımla maraqlanırdım?”
İzzətlinin sözlərinə görə, hakimiyyətin əsas məqsədi siyasi alternativləri sıradan çıxarmaqdır:
“Gənc nəsildən və yeni siyasətçilərdən qorxurlar. Xalqı qorxu altında saxlamaq üçün xəyali düşmən obrazı yaradırlar. Bu qorxu mühiti xalqın sərvətlərini daha rahat talamaq üçündür”.
O, hakimiyyətin davranışlarını Pol Pot rejiminin savadlı insanlara qarşı münasibəti ilə müqayisə edib:
“Pol Pot dövründə gözdə eynəyin olması ölüm hökmünə səbəb idi. İndi də hakimiyyət əlinə, evinə dollar, avro düşənləri qaçaqmalçı kimi həbs edir”.
Ruslan İzzətli ifadəsinin sonunda xalqa müraciət edib:
“Hakimiyyətin repressiya siyasəti xalqda ümidsizlik yaratmasın. Bu kin və nifrət siyasətinə birlikdə “dur” deməliyik. Bunun üçün prosesdə seyirçi yox, iştirakçı olmalısınız. Bizim və məmləkətin azadlığı sənin addımından asılıdır”.
Ruslan İzzətli II Qarabağ müharibəsi iştirakçısıdır və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
O, 2024-cü ilin mart ayında “Toplum TV”yə açılmış cinayət işi çərçivəsində həbs edilib. Onunla birlikdə “Toplum TV işi” üzrə daha 9 nəfərə qarşı cinayət işi açılıb.
Ruslan İzzətlidən başqa “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, İDİ rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, İDİ əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov həbs olunub. Jurnalist Elmir Abbasov isə polis nəzarətinə verilib.
İlk mərhələdə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra isə ittihamlar ağırlaşdırılıb.
“Toplum TV” baş verənləri peşə fəaliyyətləri ilə birbaşa bağlı adlandıraraq bunu müstəqil mediaya qarşı təzyiq kimi qiymətləndirib.