Ruslan İzzətli oğluna məktub yazıb: “Bu gün səninlə birlikdə ola bilməməyimin səbəbi beyni, düşüncəsi iflic olanların qaranlığa qərq etdikləri məmləkətimizi aydınlığa çıxarmaq mücadiləmizdir

Ruslan İzzətli oğluna məktub yazıb: “Bu gün səninlə birlikdə ola bilməməyimin səbəbi beyni, düşüncəsi iflic olanların qaranlığa qərq etdikləri məmləkətimizi aydınlığa çıxarmaq mücadiləmizdir Foto: sosial media
15 Sentyabr 2025
Mətni dəyiş

III Respublika Platformasının qurucu heyət üzvü, hazırda həbsdə olan Ruslan İzzətli Bakı İstintaq Təcridxanasından oğluna məktub yazıb. Məktub “Toplum TV”də dərc olunub.

İzzətli məktubunda 15 sentyabr – tədris ilinin başlanğıcı ilə özünün məhkəməyə aparıldığı gün arasında paralel apararaq yazır ki, “sivil ölkələrdə bu iki qurum cəmiyyətin əsas sütularıdır. Ancaq Azərbaycan elə bir vəziyyətə salınıb ki, nə təhsildə, nə də məhkəmələrdə ədalət qalıb”.

O, təhsil və ədalət sisteminin bilərəkdən korrupsiyaya sürükləndiyini vurğulayıb:

“Çünki anlayırlar ki, təhsilin və ədalətin mövcud olduğu ölkədə istədikləri idarəetməni hakim edə bilməzlər”.
İzzətli məktubunda Viktor Hüqonun “Ölüm məhbusunun son günü” əsərinə istinad edərək Azərbaycan reallığını XVII əsr Fransası ilə müqayisə edib:

“Hüqo “Ölüm məhbusunun son günü” əsərində deyirdi: “Baş verən məhkəmələr fərqli düşüncəyə görə qisas almaq və cəzalandırmaq mexanizmidir. Ədalətin artıq mahiyyətində qisas var”.
 
Əziz oğlum, Hüqonun XVII əsr Fransasını təsvir etdiyi əsəri bu gün XXI əsr Azərbaycanının reallığına uyğun gəlir. Demək, ölkəmiz illərlə deyil, əsrlərlə geriyə atılıb. 30 ildən çoxdur ki, bir rejim ölkəni 300 il geriyə aparıb. Məmləkətimizi idarə edənlərin Fransa kralı XV Luisin düşüncəsindən fərqlənməməsinin bir çox səbəbləri var.
 
Ən böyük səbəblərdən biri toplumun təhsilsiz olmasıdır. Korrupsiya bataqlığında boğulan təhsilimizdə nə qədər sadəcə diplomlu insanlar var ki, nə sorğulaya, nə də səsini çıxara bilir. Çünki illərdir dövlətçilik propaqandası altındakı təhsil sistemi insanlara cəlladlarına sevgi aşılayıb. Daha dəqiq desək, insanlar ədalətlə bir tikə çörək arasında seçimə məcbur edilir.
 
Bu siyasət sovet dövründə də belə olub, sovetin siyasi varislərindən biri kimi Azərbaycan hakimiyyəti dövründə də.
 
Ona görə də heç vaxt unutma: bu rejim və ona xidmət edənlər heç vaxt cümhuriyyətçi varisi ola bilməzlər. Bunlar cümhuriyyətçiləri hər cür repressiyalara məruz qoyan stalinizmin varisləridir. Bu, təkcə sənə ata nəsihəti deyil, tarixin gerçəkləridir.
 
Məktəbdə sənə ədalətdən, dürüstlükdən dərs deyən nə qədər müəllim seçki saxtakarlığının fədakar əsgəridir. Bunu da bilərəkdən edirlər, çünki bütün sahələrdə hər kəsi çirkaba bulayırlar ki, sistemə sadiq olsunlar.
 
Getdiyim məhkəmələrdə hakimlər o qədər korrupsiyaya bulaşıblar ki, siyasi qərarları “Femidanı zorlayaraq” icra etməsələr Kürdəxanıya göndəriləcəklər. Ona görə də istənilən hakim siyasi qərarın qarşısında müti və qorxaqdır”.

Məktubunda oğluna müraciət edən siyasətçi yazıb ki, onun ilk dərs günündə yanında ola bilməməsi repressiyalara qarşı mübarizəsi ilə bağlıdır:

“Əziz oğlum, ilk dərs günündə yanında ola bilmədim. Konvoyun müşahidəsi ilə əli qandallı məhkəməyə gedəcəm. Bu gün səninlə birlikdə ola bilməməyimin səbəbi beyni, düşüncəsi iflic olanların qaranlığa qərq etdikləri məmləkətimizi aydınlığa çıxarmaq mücadiləmizdir.
 
Mən bir tikə çörəklə ədalət arasındakı seçimimi sən doğulmamışdan etmişəm. Sən də bilmədən artıq bir savaşın içindəsən. Qoyma ki, korrupsiyanın bataqlığında boğulan təhsil sistemi səni özünə bənzətsin. Bunun üçün fərdi hazırlıqlarına, dərslərinə daha çox zaman ayırmağa çalış.
 
Mən və mənim kimi onlarla insan sənin və həmyaşıdlarının bu məmləkətdə azad, xoşbəxt yaşamağınız üçün ədalətsizliklə barışmadılar, əzaba qatlanmağı üstün tutdular”.

İzzətli məktubunu ümidlə tamamlayıb:

“İnan və əmin ol ki, bacaracağıq və bu ölkədə xoşbəxt yaşayacaqsan. Sadəcə səndən və dostlarından xahişim odur ki, yaxşı təhsil alın. Liderimiz Rəsulzadə deyirdi ki, elm olmadan heç bir nöqsanımız aradan qalxmayacaq.
 
Unutmayın, sevgi və həqiqət qalib gələcək!”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun