Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərovun məhkəmə prosesi keçirilib.
Hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutan iclasda onun vəkillərinin yanında əyləşdirilməsi məsələsi yenidən müzakirə mövzusu olub.
“Azadlıq Radiosu”nun yazdığına görə, hakimin əvvəlki qərarına baxmayaraq, konvoy əməkdaşları buna icazə verməyib. Mübahisələrdən sonra Səfərovun vəkillərinin yanında oturmasına şərait yaradılıb.
Daha sonra prokurorun suallarını cavablandıran Rüfət Səfərov bildirib ki, ittihamda göstərildiyi kimi, telefonunun zərərçəkmiş Natiq İmamverdiyevlə eyni anten dairəsində olması pul aldığına dəlil sayıla bilməz. O, həmin ərazidə dostları ilə tez-tez görüşdüyünü vurğulayıb.
İttihama əsasən, Səfərov İmamverdiyevi 6 sot torpaq sahəsi satmaq adı ilə aldadaraq 60 min manat pulunu alıb, sonradan isə qarajda döyərək xəsarət yetirib. Hüquq müdafiəçisi isə bunu təkzib edir: “Qaraja girən kimi o mənə hücum etdi. Təsadüfən orada olan polislər isə iddia etdilər ki, mən vurmuşam. Əgər mən onu qan içində qoymuşamsa, niyə hadisə yerində qan izləri yoxdur? Kamera görüntülərini niyə göstərmirlər?”.
Cinayət işinin materiallarında iddia olunur ki, Rüfət Səfərov Natiq İmamverdiyevi Novxanı qəsəbəsində 6 sot torpaq satmaq adıyla aldadaraq onun 60 min manat pulunu alıb. Dekabrın 3-də İmamverdiyev ya əmlakı, ya da pulunu almaqdan ötrü Səfərovun yaşadığı evin qarajına gəlib. İttihama görə, qarajda hüquq müdafiəçisi zərərçəkmişi döyərək ona xəsarət yetirib.
Prokurorun suallarını cavablandıran hüquq müdafiəçisi deyib ki, torpaq sahəsinin bir bölümünü valideynləri notarial qaydada Natiq İmamverdiyevə satıb, pulunu da alıblar. O bu prosesə qatılmayıb. Alqı-satqı gedişində övladların razılığına ehtiyac duyulmadığı halda, İmamverdiyev dəfələrlə ona yazıb, zəng edib, notarial qaydada razılıq istəyib. Sonradan da israrla torpaq sahəsinin qalan hissəsini də almaq istədiyini deyib.
Rüfət Səfərov çıxışında prokurora müraciət edərək onu günahsız insanların cəzalandırılmasında alət olmamağa çağırıb:
“Bu işin hüquqi tərəfi ilə yanaşı, mənəvi və siyasi tərəfi də var. Bundan əvvəlki həbsimdə saxlanıldığım 9 saylı Cəzaçəkmə Müəssisəsində kitabxanada 30-cu illərin repressiyaları haqda oxumuşdum. Sovet prokurorlarının bəziləri günahsızları güllələnməyə göndərməkdən imtina edib və buna görə cəzalandırılıb. Sizi isə ölümə göndərən yoxdur, uzaqbaşı, işdən çıxaracaqlar. Cəsarətli və ədalətli olun, günahsız insanların taleyi ilə oynamayın”.
Rüfət Səfərovun məhkəməsi sentyabrın 29-da davam edəcək.
Hüquq müdafiəçisi ötən il dekabrın 3-də saxlanılıb və Cinayət Məcəlləsinin bir neçə maddəsində (xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurmaq) ittiham olunur.
Səfərov həbsinin səbəbini ABŞ-də insan hüquqları sahəsində aldığı mükafatla əlaqələndirir. Hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda hazırda 370-dən çox siyasi məhbus var. Hakimiyyət isə ölkədə siyasi baxışlara görə təqib olmadığını bildirir.