Baş Prokurorluqda istintaqı aparılan yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülmüş ittihamların ağırlaşdırıldığı bildirilib.
“Azadlıq Radiosu”nun əldə etdiyi məlumata görə, bəzi təqsirləndirilən şəxslərə yeni ittihamlar elan olunub. Bildirilir ki, onların bir qisminin mövcud ittihamları daha ağır maddələrlə əvəz edilib. Bu prosesin həm həbsdə olanlara, həm də barəsində alternativ qətimkan tədbiri seçilmiş şəxslərə şamil ediləcəyi gözlənilir.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının vəkili Fariz Namazlı “Azadlıq Radiosu”na təsdiqləyib ki, müvəkkilinə əlavə ittihamlar elan edilib.
Lakin vəkil “QHT işi” üzrə digər təqsirləndirilən şəxslərlə bağlı məlumatının olmadığını bildirib.
Bəşir Süleymanlı bu il martın 14-də saxlanılıb. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdü.
Sonradan ittihamlar genişləndirilib – ona qarşı əlavə olaraq CM-in 193-1.2.2 və 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş əmlakı təkrar və qulluq mövqeyindən istifadə etməklə leqallaşdırma) maddələri ilə də ittiham irəli sürülüb. Bununla yanaşı, 308.2-ci maddə üzrə ittiham nisbətən yüngülləşdirilərək 308.1-ci maddə ilə əvəzlənib. Sözügedən maddələrin sanksiyasında 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Vəkil Fariz Namazlı bildirib ki, Bəşir Süleymanlı irəli sürülən ittihamların heç birini qəbul etmir:
“Müvəkkilim özünü təqsirli bilmir və bildirir ki, hüquq müdafiəçisi kimi fəaliyyəti ilə əlaqədar olaraq həbs olunub”.
Bu il martin 14-də “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə), Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və "Media Hüququ" İnstitutunun koordinatoru Xalid Ağəliyev də saxlanılıblar. Onların mənzillərində axtarış aparılıb. Sonradan Xalid Ağəliyev sərbəst buraxılıb.
Martın 17-də "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində isə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Aprelin 9-da bu iş üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində də həbs qətimkan tədbiri seçilib.
Bu iş üzrə Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli, ictimai fəal Aytac Ağazadə ölkədə olmadıqlarına görə, onlar barəsində qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
İş üzrə cəlb olunan bir neçə QHT rəhbəri və üzvü istintaq müddəti ərzində polis nəzarətinə verilib. Onlar arasında ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və başqaları var.