“Abzas Media”nın hazırda həbsdə olan jurnalisti Nərgiz Absalamova nüfuzlu “Azad Media” mükafatına layiq görülüb.
Mükafatı Norveçin “Fritt Ord” və Almaniyanın “ZEIT Stiftung Bucerius” fondları təqdim edir.
Fondun bununla bağlı yaydığı press-relizdə bildirilib ki, məqsəd söz azadlığını müdafiə edən, senzura və təzyiqlərə baxmayaraq peşəkar fəaliyyət göstərən jurnalistləri dəstəkləməkdir. Mükafat, əsasən, Şərqi Avropada peşəkar, cəsarətli jurnalistlərə və media qurumlarına verilir.
Absalamova bu mükafata ətraf mühitin çirklənməsi, korrupsiya faktları və sosial hüquqların pozulması ilə bağlı hazırladığı videoreportaj və sənədli filmlərə görə seçilib.
Fondların birgə açıqladığı press-relizdə vurğulanıb ki, Şərqi və Mərkəzi Avropadan altı müstəqil media qurumu və jurnalist araşdırma jurnalistikası sahəsində çətin şəraitdə göstərdikləri cəsarətli fəaliyyətlərinə görə mükafatlandırılıb.
Təşkilatçıların açıqlamasına görə, regiondakı avtoritar rejimlər təsir dairəsini genişləndirməkdə davam edir. Bu ilki laureatlardan ikisi məhz jurnalist fəaliyyətlərinə görə bir neçə illik həbs cəzasına məhkum edilib.
Mükafatçılar arasında həmçinin qısa və tammetrajlı formatda çəkilmiş, geniş auditoriyaya çatan sənədli filmləri ilə seçilən jurnalistlər də yer alır.
Qeyd edilib ki, Azərbaycanda Absalamova ilə yanaşı 8 qadın jurnalistin də maliyyə ittihamı ilə həbs olunması təsadüfi deyil və bu həbslər gender baxımından neytral xarakter daşımır:
“Bu, sadəcə olaraq Azərbaycanda mətbuat azadlığı ilə bağlı xəbərdarlıq deyil. Avtoritar ölkədə jurnalist işləyən qadın olmaq həm çətin, həm də təhlükəlidir”
2025-ci ilin laureatları arasında həmçinin gürcüstanlı jurnalist Mzia Amaqlobeli, rusiyalı jurnalist Aleksandra Astaxova, Belarusun “Belarus Araşdırma Mərkəzi”, Macarıstanın “Direkt36”, eləcə də Ukraynanın “Gwara Media” nəşrləri var.
“Abzas Media” müstəqil media orqanı olaraq ötən il də “Azad Media” mükafatına layiq görülmüşdü. Nəşrə mükafat qətiyyətli və sistemli şəkildə apardığı korrupsiya araşdırmalarına görə bu mükafata təqdim edilib.
Nərgiz Absalamova 2023-cü il noyabrın 30-da “Abzas Media”ya qarşı açılmış cinayət işi çərçivəsində həbs edilib. O, iş üzrə həbs edilən digər həmkarları kimi valyuta qaçaqmalçılığı və digər maliyyə cinayətlərində ittiham edilib. 2025-ci ilin iyunun 20-də 8 il müddətinə azadlıqdan məhrum edilib.
Yerli və beynəlxalq insan haqları təşkilatları ittihamların saxta olduğunu bildirib, Azərbaycan hakimiyyətindən jurnalistlərin azad edilməsini tələb ediblər.