Azərbaycan və Naxçıvan Mədəniyyət nazirliklərinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri bu günlərdə açıqlanıb. Nəticələr valideynlər arasında böyük narazılıq doğurub.
“Abzas Media”ya danışan valideynlərin sözlərinə görə, 90 baldan yuxarı nəticə göstərən, hətta 97–99 bal toplamış uşaqlar belə ödənişsiz təhsildən kənarda qalıb, yalnız ödənişli əsaslarla təhsil almaq imkanı əldə ediblər.
Valideynlər bildirirlər ki, ödənişin məbləği ailələr üçün ağır yükdür. Məktəblərin aylıq haqqı 100–150 manat arasında dəyişir və yeni qaydalara görə ilk beş ayın pulu – 500–750 manat – dərs ilindən öncə birdəfəlik ödənilməlidir.
“Övladımız musiqiyə böyük həvəs göstərir, imtahanda yüksək nəticə qazanıb. Amma indi bizdən 500 manat əvvəlcədən tələb olunur. Ödənişli əsaslarla təhsil alan bir şagird ilə 1200 AZN ödəniş etməlidir. Nəzərə alsaq ki, bu uşaq 5 il oxumalı olacaq, 5 ilə 6000 AZN pul ödəməlidir” – deyə bir valideyn redaksiyamıza bildirib.
Valideynlərin narazılığı yalnız ödənişlə bağlı deyil. Onlar həm də imtahanların keçirilmə şəffaflığını sual altına alır, bəzi hallarda daha az bal toplayan uşaqların ödənişsiz qəbul olunduğunu iddia edirlər. Şikayətlər arasında imtahan zamanı valideynlərin iştirakına icazə verilməməsi və nazirlikdən gələn bildirişlərin qeyri-dəqiqliyi də var.
Məsələ sosial şəbəkələrdə də geniş rezonans doğurub. Onlarla valideyn “uşaqlarımızı istedadlarına görə deyil, ailələrinin imkanına görə seçirlər” deyə nazirliyi tənqid edir. Şərhlərdə hətta Mədəniyyət Nazirliyinin qarşısında etiraz aksiyası keçirmək çağırışları da yer alıb.
Valideynlər problemin həlli üçün təhsil qaydalarının dəyişdirilməsini, imtahanların şəffaf keçirilməsini və əvvəlki kimi ödənişsiz yerlərin bərpa olunmasını tələb edirlər.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən hər hansı mövqe almaq mümkün olmayıb.