Məhkəmə “Abzas Media” jurnalistlərinin şikayətlərini rədd edib

Məhkəmə “Abzas Media” jurnalistlərinin şikayətlərini rədd edib
17 Sentyabr 2025
Mətni dəyiş

Sentyabrın 16-da Sabunçu Rayon Məhkəməsində “Abzas Media”nın həbsdə olan əməkdaşları Elnarə Qasımova və Nərgiz Absalamovanın Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraiti ilə bağlı şikayətinə baxılıb.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən məhkəmədə təcridxananı təlim-tərbiyə şöbəsinin inspektoru Şamil Süleymanov təmsil edib.

Elnarə Qasımova zalda vəkilinin yanında oturmaq üçün vəsatət qaldırıb. O, şüşə qəfəsdən məhkəmədə danışılanları eşitmədiyini və vəkili ilə məsləhətləşə bilmədiyini deyib. Hakim vəsatəti təmin etməyib.

Daha sonra jurnalistlər təcridxanadakı saxlanma şəraitindən bəhs ediblər. Məhbusların saxlanıldığı otaqların darısqal və havasız olduğunu, suyun fasilələrlə verildiyini, havalandırma sisteminin isə işləmədiyini vurğulayıblar.
 
Elnarə Qasımova kameralarda tutumundan artıq məhbusun saxlanıldığını, gündə 2 dəfə 1 saat verilən sudan istifadə üçün sıraya durduqlarını söyləyib. O, həmçinin təcridxana əməkdaşlarının məhbuslara qarşı zorakılıq etdiklərini də deyib. 
 
“Arxayındılar ki, heç bir cəza almayacaqlar. Çünki onların zorakılığı dəstəkləyən rəisləri var. Zorakılıq faktı olanda rəis özü bunu inkar edir, amma müavinini bizimlə danışmağa göndərir. Amma o da işi araşdırmaq üçün gəlmir, zorakılığa məruz qalan qadınlar şikayət etməsin deyə onları hədələmək üçün gəlir. Qadınları ən çox davam edən proseslərinin nəticələrinə təsir göstərəcəkləri ilə qorxudurlar. Onsuz da məhkəmələrin ədalətli olmadığını bilirik, amma heç olmasa təcridxana rəhbərliyi bunu açıq şəkildə dilə gətirməkdən çəkinməlidir”, - jurnalist məhkəmədə deyib.
 
Elnarə Qasımova rəis müavini Əhəd Abdiyev və digər əməkdaşların qadınların geyimləri haqda yersiz atmacalar atdığını da sözlərinə əlavə edib. 
 
“Bunu öz aləmlərində əxlaq-həya ilə əsaslandırırlar. Amma həmin müavin özün vaxtı ilə qadın dustaqları barmaqlıqlara qandallayanda, onları hədələyəndə, zorakılığa göz yumanda bunun da yəqin əxlaq çərçivəsində olduğunu düşünürmüş”, - jurnalist bildirib.
 
Elnarə Qasımova xatırladıb ki, onun özü dəfələrlə zorakılığa məruz qalıb. Telefon danışığında seçkilərlə bağlı məlumat verdiyinə görə, zəngi yarıda kəsilib, bir müddət ailəsi ilə açıq görüşünə icazə verilməyib.
 
Nərgiz Absalamova isə aclıq aksiyası zamanı saxlanıldıqları kamerada gigiyenik vəziyyətin acınacaqlı olduğunu bildirib:

“Bir həftə otaqda ancaq tarakan təmizləmişəm. Məhbusların başına bit düşəndə isə həkimlər dərman əvəzinə alma sirkəsi məsləhət görürlər”.
 
Təcridxana nümayəndəsi Şamil Süleymanov zorakılıq iddialarını təkzib edib. O bildirib ki, iddia edildiyi kimi təcridxanada saxlanma şəraitinin pis olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, jurnalistlərə qarşı heç bir qeyri-insani rəftara yol verilməyib və onlar ikinəfərlik kameralarda saxlanılıblar.
 
Təcridxanada suyun fasilələrlə, gündə 1-2 saat gəlməsi ilə bağlı isə bildirib ki, su müəssisədə mütəmadi verilir və iddialar doğru deyil.
 
Jurnalistlər bu zaman onun mütəmadi dedikdə nəyi nəzərdə tutduğunu sorğulayıblar. Şamil Süleymanov bildirib ki, su səhər və axşam 1 saat olmaqla verilir. Jurnalistlərin “Sizcə, bu, kifayətdirmi?” sualına isə o, təsdiq mənasında başını yellədib.
 
Məhkəmə jurnalistlərin heç bir vəsatətini təmin etməyib.

2023-cü ilin noyabrından “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı, Elnarə Qasımova, Nərgiz Absalamova, eləcə də “Azadlıq Radiosu” əməkdaşı Fərid Mehralızadə həbs olunub. Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham ediliblər.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsənli, Vaqifqızı, Babalı və Mehralızadə 9 il, Qasımova və Absalamova 8 il, Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. 

Hüquq müdafiəçiləri ittihamları əsassız sayır və onların həbsini jurnalist fəaliyyətilə əlaqələndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun