Əli Kərimli: “20 ilə yaxındır ölkədən çıxışım qadağan olunub”

Əli Kərimli: “20 ilə yaxındır ölkədən çıxışım qadağan olunub”
3 Sentyabr 2025
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, xarici səfərlərinə qoyulan qadağa səbəbindən Varşava Təhlükəsizlik Forumunda iştirak edə bilmir.

AXCP sədrinin sözlərinə görə, artıq 20 ildir ona pasport verilmir və ölkədən çıxışına məhdudiyyət qoyulub:

“20 ilə yaxındır ki, hakimiyyət mənə pasport vermir və xarici ölkə səfərlərimə qadağa qoyulub. Forumda iştirak edə bilmək üçün Baş Prokurorluğa bir daha müraciət edəcəyəm, pasport almaq üçün yenidən təşəbbüs göstərəcəm”.

Kərimlinin dəvət aldığı Varşava Təhlükəsizlik Forumu 29–30 sentyabr tarixlərində keçiriləcək. Tədbir Kazimir Pulaski Fondu, Polşa Prezident Administrasiyası və NATO-nun strateji tərəfdaşlığı çərçivəsində, Polşanın Xarici İşlər və Müdafiə nazirliklərinin iştirakı ilə təşkil olunur. Forum Avropanın aparıcı təhlükəsizlik platformalarından biri hesab edilir və məqsədi qlobal təhdidlərə qarşı birgə cavab mexanizmlərinin hazırlanmasıdır.

Əli Kərimli 2006-cı ildə pasportunun müddəti bitdiyi üçün yenidən sənəd almağa müraciət etsə də, bu, təmin edilməyib. Hakimiyyət buna səbəb kimi 1994-cü ildə başlanmış və hələ də açıq saxlanılan cinayət işini göstərib. O zaman hüquq-mühafizə orqanları Kərimlinin cibindən partladıcı maddə tapıldığını iddia etmiş, siyasətçi isə bunu yalanlamışdı.

Avropa İnsan Haqları Məhkəməsi 2015-ci ildə Kərimlinin şikayətini haqlı sayaraq, pasportun verilməməsini onun hərəkət azadlığının pozulması kimi qiymətləndirib və dövlətin üzərinə 8 min 600 avro kompensasiya ödəmək öhdəliyi qoyub. Buna baxmayaraq, siyasətçiyə hələ də pasport verilməyib və o, 2006-cı ildən etibarən ölkədən çıxa bilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun