“Meydan TV işi” üzrə ittiham olunan jurnalist Aytac Əhmədovanın (Tapdıq) da həbs müddəti daha 3 ay artırılıb.
Sentyabrın 22-də Xətai Rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar verilib və jurnalist barəsində çıxarılan həbs qətimkan tədbirinin müddəti 2026-cı il yanvarın 6-dək uzadılıb.
Bundan əvvəl sentyabrın 20-də Xətai rayon Məhkəməsində keçirilən ayrı-ayrı proseslərdə Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko) və Xəyalə Ağayevanın, sentyabrın 16-da Fatimə Mövlamlı, Ülviyyə Quliyeva (Əli) və Şəmşad Ağayevin, sentyabrın 17-də isə Nurlan Qəhrəmanlının (Libre) barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılmışdı.
Ötən ilin dekabrında “Meydan TV”yə qarşı başlanmış polis əməliyyatı nəticəsində bir neçə jurnalist saxlanılıb. İlk mərhələdə Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs olunublar.
Daha sonra bu ilin fevral və may aylarında “Arqument az” saytının baş redaktoru Şəmşad Ağayev, həmçinin jurnalistlər Nurlan Qəhrəmanlı (Libre), Fatimə Mövlamlı və Ülviyyə Quliyeva (Əli) eyni iş üzrə saxlanılıb. Avqustun 28-də isə jurnalist Əhməd Muxtarın da bu iş çərçivəsində həbs olunduğu bildirilib.
Jurnalistlər əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan qrup şəklində törədildikdə) ilə ittiham olunublar. Avqust ayında isə ittihamlar daha da ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, qaçaqmalçılıq, vergidən yayınma və sənəd saxtalaşdırma maddələri əlavə edilib.
Saxlanılan jurnalistlər bütün ittihamları rədd edir, onların siyasi sifarişlə hədəfə alındığını və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.