“Toplum TV işi” üzrə həbsdə saxlanılan jurnalist Fərid İsmayılov həyatının təhlükədə olduğunu bildirib.
“Toplum TV” xəbər verir ki, o, sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bu barədə danışıb.
İsmayılovun sözlərinə görə, sentyabrın 23-də Penitensiar Xidmət əməkdaşlarının gözü qarşısında yan kamerada saxlanılan məhbus onu öldürməklə hədələyib:
“Tibb məntəqəsinə aparılarkən həmin məhbus mənə stəkan atdı. Penitensiar işçiləri qabağıma keçdi və stəkanın dəyməsinin qarşısını aldı. Amma təkidlərimə baxmayaraq hadisə aktlaşdırılmadı”, – deyə o bildirib.
Jurnalist əlavə edib ki, ertəsi gün, sentyabrın 24-də oxşar hadisə təkrar baş verib. Bu dəfə digər məhbus ona isti su atmağa cəhd edib. Penitensiar işçilərinin müdaxiləsi ilə insidentin qarşısı alınıb, lakin problem köklü şəkildə həll olunmayıb.
İsmayılov qeyd edib ki, sentyabrın 25-də həmin məhbus bu dəfə öz bədəninə kəsici alətlə xəsarət yetirib və onu təhqir edərək zərər verəcəyini deyib:
“Bunlar qəsdən baş verir. Mənə qarşı təxribat hazırlanır və buna şərait yaradılır”, – deyə jurnalist vurğulayıb.
Onun sözlərinə görə, hadisədən sonra vəkili ilə görüşərək məhbusun otağının dəyişdirilməsini tələb edib, lakin müraciət cavabsız qalıb.
Məsələ ilə bağlı jurnalistin anası Məlahət İsmayılova da Ədliyyə Nazirliyinin qaynar xətti ilə müraciət edib. Ona bildirilib ki, şikayətə yalnız 30 iş günü ərzində baxıla bilər. Lakin o, oğlunun həyatı üçün təcili tədbirlər görülməsini tələb edir:
“Məsələ həll olunmadıqca qorxuram ki, oğlumun başına dəhşətli bir hadisə gəlsin”, – deyə anası bildirib.
Jurnalist Fərid İsmayılov “Toplum TV işi” çərçivəsində yanvarın 17-də həbs edilib. İş üzrə həbs edilən digər şəxslər kimi ona da əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb, sonradan ittihamlar ağırlaşdırılıb.
Fərid İsmayılov ittihamları qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı siyasi sifariş olduğunu bildirir.