Fazil Qasımov: “Mənə qarşı sui-qəsd olub, hələ də hədə-qorxu gəlirlər”

Fazil Qasımov: “Mənə qarşı sui-qəsd olub, hələ də hədə-qorxu gəlirlər” Foto: Fazil Qasımovun "Facebook" hesabı
17 Sentyabr 2025
Mətni dəyiş

Sentyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımovun apellyasiya şikayəti üzrə baxış davam edib. 

Hakim Aqil Musayevin sədrliyi ilə keçirilən məhkəmədə Qasımov çıxış etməzdən əvvəl vəkili ilə ünsiyyət üçün vaxt istəyib, lakin hakim bu tələbi təmin etməyib. O, daha sonra xatırladıb ki, 24 yanvar 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı Penitensiar Xidmətin əməkdaşlarınını sui-qəsdinə məruz qalıb. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra da hücum təhlükəsi ilə hədələnib.

Fazil Qasımov məhkəmə boyu verdiyi vəsatətlərin heç birinin qəbul olunmadığını, hakimlərin dəfələrlə etdiyi xəbərdarlıqların qərəzli olduğunu bildirib və məhkəmə heyətinə etirazını səsləndirib. Dövlət ittihamçısı Tural Qəhrəmanov etirazı əsassız adlandıraraq təmin edilməməsini tələb edib. Hakim də bu mövqeyi dəstəkləyib.

Prosesdə Fazil Qasımovun dövlət hesabına təyin olunmuş yeni vəkili Şamil Nəcəfov çıxış edərək, həm istintaq, həm də məhkəmə mərhələsində müdafiə hüquqlarının pozulduğunu bildirib. O, apellyasiya şikayətinə baxılmasına xitam verilməsini və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasını tələb edib. Dövlət ittihamçısı isə vəsatətin baxış iclasının predmeti olmadığını əsas gətirərək təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti rədd edib.

Növbəti iclasda Fazil Qasımov apellyasiya şikayətinin dəlilləri üzrə çıxış edəcək. Prosesin davamı 29 sentyabra təyin edilib.

Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib.

Qasımov iqtisadçı alim Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
 
Fazil Qasımov məhkəmədə ifadəsində bildirib ki, istintaqda zorakılıq nəticəsində və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadəyə imza atmağa məcbur olub. O, ifadəsindən imtina edib və həbsinin siyasi səbəblərdən olduğunu bildirib. 
 
Elə istintaq müddətində İbadoğlu azadlığa buraxılıb və haqqındakı istintaq işi ayrı icraata verilib. Qasımov isə mühakimə olunub. O, bu il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda 9 il azadlıqdan məhrum edilib. 
 
Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun