“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digər şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“APA”nın məlumatına görə, sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən İlqar Mustafayev ifadə verib.
O, özünə qarşı irəli sürülən ittihamları qəbul etmədiyini və bunun qərəzli olduğunu bildirib:
“Mən başa düşmürəm ki, hansı günahıma görə mənimlə bu cür davranılır. Hesablama Palatası aktı mənə göstərmədən guya Bulvar İdarəsində 3,7 milyon mənimsəmə faktı tapır və Baş Prokurorluğa göndərir. 2016-cı ildən 2024-cü ilə qədər, yəni 8 il Bulvar İdarəsinə rəhbərlik etmişəm. İttiham aktına əsasən onun ilk 2 ilində (2016-2018) 8 milyon, qalan altı ilində isə 4 milyon pul mənimsəmişəm. İttiham aktına görə, Bulvar İdarəsində fəaliyyət göstərən bütün attraksionlardan, ticarət köşklərindən və obyektlərdən yığılan pulları işçilər və sahibkarlar İdarənin əməkdaşlarına, onlar da yuxarı əməkdaşlara və iyerarxiya üzrə son nəticədə mənə verirdilər və mən həmin pulları mənimsəmişəm. Bulvar İdarəsinin son 3 illik büdcəsi 40 milyon manat olub və qəpiyinə qədər hesabatları aparılıb”.
Mustafayevin sözlərinə görə, Hesablama Palatası möhürsüz, imzasız e-mail əsasında hesablama aparıb:
“2018–2022-ci illərdə 429.680 nəfər sərnişin səyahət edib. Halbuki 2020-ci ildən 2022-ci ilə qədər ölkədə pandemiya olmuş, Bulvar ərazisi rəsmi olaraq bağlı qalmışdı. Pandemiyanın ən sərt vaxtı isə 2021-ci il idi, insanlar evdən yalnız sms icazəsi ilə çıxırdılar. Necə oldu ki, 2021-ci ildə 62 min nəfər gəmidə səyahətə çıxdı?!”
O, ittihamda adı çəkilən digər məqamlarla da bağlı danışıb:
“Maraşpark dondurma köşklərinin sahibi İsrafil Bascıl 2019–2023-cü illərdə 736.500 manat ödəyib. Müstəntiq bunu onun əl yazısı ilə yazdığı vərəqi sübut kimi götürüb. Həmçinin 2020–2022-ci illərdə pandemiya olub və Bulvar bağlı qalıb. Gül və kol bitkilərinə ayrılmış pulların mənimsənilməsi ilə bağlı ittihama gəlincə: necə ola bilər ki, Bulvar İdarəsinin istixanası ola-ola “GİRASOL” MMC-dən 175.672 manatlıq gül alınması adı ilə mən pul mənimsəmişəm? Halbuki həmin istixananı 2020-ci ildə mən özüm yaratmışam ki, kənardan gül alışını azaldaq. Vergi Xidməti məni 12 milyonluq mənimsəmədə ittiham edirsə, o mənimsəmədən vergi ödənməli idi. Vergi yoxlamasının tərəfi mən İlqar Mustafayev yox, Dənizkənarı Bulvar İdarəsidir”.
Daha sonra İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli məhkəməyə bir neçə vəsatət təqdim edib. Onlardan biri Dənizkənarı Bulvar İdarəsindən müəyyən hesabatların əldə edilməsi ilə bağlı olub. Məhkəmə vəsatəti təmin edib.
Prosesin davamı 20 oktyabr tarixinə təyin olunub.
İlqar Mustafayev ötən ilin sentyabrında həbs edilib. Onunla birlikdə köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayev də məsuliyyətə cəlb olunublar.
İ.Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (külli miqdarda vergidən yayınma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Fuad Babayev və Rəşad Bədəlova isə 179.4, 308.2 və 313-cü maddələrlə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə İlqar Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Digərləri isə polisin nəzarəti altında qalıb.
İş üzrə müəyyən edilmiş 11 milyon manatdan artıq maddi ziyanın ödənilməsini təmin etmək üçün həmin məbləğdə əmlak üzərinə həbs qoyulub.