Belçika BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq. Bu barədə çərşənbə axşamı ölkənin xarici işlər naziri Maksim Prevo açıqlama verib. O bildirib ki, qərar Avstraliya, Böyük Britaniya, Kanada və Fransanın atdığı oxşar addımlardan sonra İsrail üzərinə beynəlxalq təzyiqi artıracaq.
Prevo “X” sosial şəbəkəsində yazıb ki, Belçika Nyu-York Bəyannaməsinə qoşulacaq. Bu addım iki dövlətin yanaşı yaşaması və ya İsrail ilə dinc şəkildə mövcud olacaq Fələstin dövlətinin yaradılması istiqamətində yol açacaq. Nazir qərarın “xüsusən Qəzza zolağında baş verən humanitar faciə fonunda və İsrailin beynəlxalq hüquqa zidd olaraq həyata keçirdiyi zorakılıqlara cavab olaraq” qəbul edildiyini qeyd edib.
Onun sözlərinə görə, Belçika Fələstin dövlətini tanımaqla yanaşı, Fransa və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə həyata keçirilən birgə diplomatik təşəbbüsə də qoşulacaq.
Bundan əlavə, Belçika İsrailə qarşı 12 sərt sanksiya tətbiq edəcək. Bunlara İsrailin yaşayış məntəqələrindən məhsulların idxalına qadağa, dövlət satınalmalarında israilli şirkətlərə münasibətin yenidən nəzərdən keçirilməsi və HƏMAS rəhbərlərinin Belçikada persona non-qrata elan edilməsi daxildir. Prevo bildirib ki, bu addım həm də İsrailin yaşayış məntəqələrini genişləndirməsinə və işğal olunmuş ərazilərdə hərbi mövcudluğunu artırmasına siyasi etiraz siqnalıdır.
Qərar beynəlxalq müstəvidə mübahisələr doğurub. ABŞ prezidenti Donald Tramp Kanadanın Fələstin dövlətçiliyini dəstəkləməsini tənqid edib. ABŞ senatoru Marko Rubio isə Fransanın qərarını “təhlükəli və məsuliyyətsiz” adlandırıb.
Avropa İttifaqının xarici işlər nazirləri də ötən şənbə Kopenhagendə keçirilən görüşdə Qəzza müharibəsinə dair kəskin fikir ayrılığı yaşayıblar. Bir qrup nazir İsrailə güclü iqtisadi təzyiq göstərilməsini təklif etsə də, digərləri bu addıma qarşı çıxıb.
Fələstinlilər uzun illərdir İsrailin işğalı altında olan Qərb sahili və Qəzza zolağında, paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət qurmağa çalışırlar. ABŞ isə bildirir ki, belə bir dövlət yalnız israillilər və fələstinlilər arasında birbaşa danışıqlar nəticəsində yarana bilər.
Prevo isə vurğulayıb ki, Belçika həm İsrail hökumətinə, həm də HƏMAS-a təzyiqi artırmaq niyyətindədir. O, ölkəsinin Fələstinin bərpasına sadiq qaldığını, həmçinin Avropada HƏMAS-a qarşı tədbirləri dəstəkləyəcəyini və antisemitizmə qarşı yeni təşəbbüslərlə çıxış edəcəyini əlavə edib.
ABŞ-nin açıqlamasına görə, sentyabrda Nyu-Yorkda keçiriləcək BMT sammitində bir neçə ölkə Fələstini rəsmi olaraq dövlət kimi tanımağa hazırlaşır. Vaşinqton isə Fələstinin prezidenti Mahmud Abbasın tədbirdə iştirakına qadağa qoyacağını bəyan edib.