Aytac Tapdıq təcridxanadan yazır: “Özümü əqidəsinin əvəzini baha ödəmiş həmkarlarımın yanında evimdə hiss edirəm”

Aytac Tapdıq təcridxanadan yazır: “Özümü əqidəsinin əvəzini baha ödəmiş həmkarlarımın yanında evimdə hiss edirəm”
29 Sentyabr 2025
Mətni dəyiş

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Aytac Tapdıq saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub yazıb:

Məktubu “Meydan Tv” dərc edib.

“Nahar üçün marketdən bir şeylər alıb çıxırdım ki, mülki geyimdə, cüssəli iki adam qollarımdan dartıb zorla məni avtomobilə sürüklədi. Mindirilərkən ətrafdakıların eşitməyi üçün “Mən jurnalistəm” deyə qışqırırdım. Yeganə “cinayətim” müstəqil media işçisi olmağım ola bilərdi. 10 il öncə yoldan belə oğurlanıb “Bandotdel”ə aparıldım. Həbsimin 10-cu ayında payızın gətirdiyi melanxolik ab-hava məni 10 il əvvələ, başladığım yerə qaytardı – 2015, 16 sentyabr. Cəmi 4 ay “Meydan TV”də jurnalistikaya başlamağım təqib olunmağıma kifayət etmişdi. Həbsimi isə hələ 10 il gözləməli olacaqdım.

5 saat vəkildən, ailəmdən xəbərsiz Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldım. Bir-birini əvəzləyən müstəntiqlərin sorğu-sualına, onlar da mənim çəmkirmələrimə məruz qaldılar. Bir gün öncə anamı da qızın “müxalifətçilik” edir adı ilə 26 ildir işlədiyi “AzTV”dən bir gün içində çıxarmışdılar. Anam texniki heyətdə təmsil olunsa da dövlət televiziyası “Meydan TV” adını həzm edə bilməmişdi. Elə idarədə də “Meydan TV” üçün işlədiyimi və nə olursa olsun buna davam edəcəyimi vurğulamaq onlara xoş gəlmirdi. İstədikləri baş tutmamışdı. Gətirilərkən ilk qurduğum cümlə belə idi: “Mənə nə edəcəksinizsə, ən pisindən başlayın”.

Özümü bilirdim, yüngül təhdidlər təsir etməzdi mənə. Vaxt itirmək istəmirdim. İlk dəfə idi ki, hakimiyyətin sərt üzü ilə qarşılaşırdım, amma fəaliyyətimizin onları qəzəbləndirdiyindən zövq alırdım. Doğru yolda idik. Hakimiyyətin qarşısında, cəmiyyətin yanında.

Həm həqiqəti bir kərə daddınsa, ondan dönmək qərarını almaq elə asan deyil. Mənim həyatımı da”Meydan TV” kökündən dəyişdirmişdi. Redaksiyadakı demokratik mühit, işini şövqlə görən, insanları sevib empati duyan o jurnalistləri tanımaq mənə özümü evimdə hiss etdirirdi. Meydan mənə Azərbaycandakı zülmü, ədalətsizliyi bütün dünyaya göstərmək üçün meydan vermişdi. İnsanların həyatına toxuna biləcəkdim, həqiqətin ortaya çıxmasında, yayılmasında rolum olacaqdı. Bundan daha önəmli nə missiya ola bilər ki, həyatda? Ona görə də bu müqəddəs amalları olan peşəylə bir bütün olacaqdım. Axı jurnalistika təkcə peşə deyil, bir həyat tərzidir.

Yazarkən Bakı Şəhər Baş Polis İdarəsinin çəkməcələrində yatan kameramı qapıb xəbərin ardınca qaçmaq üçün necə darıxdığımı anladım. Balaca kamerama bütün gözləri sığdıra bilərdim, yeni kameramsa hər kəsin görüşünə qapalıdır.

Burada dövrə vurarkən düşünürəm. Görəsən, insanlıq irəliləyə bilmək üçün daha neçə min həbsxana hücrəsində dövrə vurmalıdır? Mən o gün “Bandotdel”dən çıxa bildim, lakin bir gün yolumun Kürdəxanıdan keçəcəyindən o qədər əmin idim ki. İçimdə bunu diləmiş də ola bilərəm.

Acının insanı gerçəyə yaxınlaşdırdığına inanıram. Jurnalistin ən dibdəki insan həyatını, içərini təcrübə etməyi onun ölkəsi haqqındakı bilgisini zənginləşdirir, görməsini genişləndirir. Buna görə də mən həbsə də qazanc kimi baxıram.

Məslək yoldaşlarımın kütləvi həbsi, mediamızın soyqırımı ilə nəticələnən keçən 10 il ərzində müstəqil mətbuatın hərəkət çevrəsi tədricən daraldı. İllər əvvəl Prezident Administrasiyasının qarşısında etiraz edənləri mühafizəçilərlə dalaşa-vuruşa işıqlandıra bilirdiksə, indi adi rayon məhkəməsinin önünə sədd çəkilib, administrasiya kimi qorunur. Kamerasını qaldıran hər kəs ya həbslə, ya həbs olunmaq təhdidi ilə üzləşir. İlham Əliyevin ölkədə sorğulayan heç bir jurnalisti görməyə dözümü qalmayıb, onları yalnız hücumçu pozisiyasında görmək istəyir.

Ayaqların baş olduğu bir ölkədə bizim həbsimiz labüd nəticədir. Mənsə yenə də özümü əqidəsinin əvəzini baha ödəmiş həmkarlarımın yanında evimdə hiss edirəm”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun