Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin səhhətində ciddi problemlər yaranıb. Bu barədə onun ailəsi sentyabrın 26-da görüşdən sonra məlumat verib.
Ailəsinin sözlərinə görə, Məmmədli diz oynağının artrozu – qonartroz xəstəliyindən əziyyət çəkir və xəstəlik hazırda kəskinləşib. O, yeriməkdə çətinlik çəkir, diz nahiyəsində şişkinlik və qızartı müşahidə olunur. Mütəxəssislərlə aparılan məsləhətləşmələr nəticəsində vəziyyətin bursit (oynaqdaxili kisənin iltihabı) və sinovit (oynaqdaxili qişanın iltihabı) ilə əlaqəli ola biləcəyi bildirilib.
Həkimlər bu kimi xəstələrin mütəmadi olaraq nəzarətdə saxlanılmasını, MRT, rentgen və laborator müayinələrdən keçməsini zəruri hesab edirlər. Lakin Məmmədli artıq 17 aydır ki, lazımi tibbi müayinələrdən keçirilməyib. Onun vəkillərinin mülki xəstəxanada hərtərəfli müayinə aparılması üçün verdiyi müraciətlərə dəfələrlə rədd cavabı verilib.
Ailə bildirib ki, hüquq müdafiəçisinin saxlanıldığı rütubətli və nəm şərait də səhhətini daha da ağırlaşdırır. Onlar xəbərdarlıq edirlər ki, Məmmədli təcili tibbi yardım almasa, onun məhkəmə proseslərində iştirakı mümkünsüz ola bilər.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra bir neçə maliyyə cinayəti maddəsi də əlavə olunub.
Beynəlxalq insan haqları təşkilatları Məmmədlini siyasi məhbus kimi tanıyır və onun dərhal azadlığa buraxılmasını tələb edirlər.