Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə məhkəmə iclası keçirilib.
“Gözətçi” xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən məhkəmədə Anar Məmmədli müdafiə çıxışını davam etdirib.
Məmmədli müdafiə çıxışında ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib və məhkəmədən, həmçinin prokurordan sübutların təqdim olunmasını tələb edib. O, 2020–2024-cü illərdəki fəaliyyətinin qanuni əsaslara söykəndiyini vurğulayıb və irəli sürülən “qaçaqmalçılıq”, “qanunsuz sahibkarlıq”, “vergidən yayınma”, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamlarının hüquqa zidd olduğunu deyib.
Anar Məmmədli SMDT-nin fəaliyyətinin seçkilərin monitorinqi, icmaların maarifləndirilməsi, şikayətlərin sənədləşdirilməsi və beynəlxalq müdafiə mexanizmlərinin təşviqinə yönəldiyini bildirib. O, pandemiya dövründə fəaliyyət dayanmasına baxmayaraq, istintaqın saxta “layihə siyahıları” hazırladığını və bunun əsassız olduğunu qeyd edib.
Hüquq müdafiəçisi “qaçaqmalçılıq” ittihamının isə yalnız 2019–2024-cü illərdə etdiyi xarici səfərlərlə əsaslandırıldığını deyərək bunun cinayət qanunlarına uyğun gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, bütün səfərlərində gömrük yoxlamasından keçib və yazılı bəyannamələr təqdim edib. Bu məlumatların Dövlət Gömrük Komitəsindən tələb olunmasını istəyib.
Məmmədli həmçinin, beynəlxalq insan haqları təşkilatları ilə əməkdaşlığının qərəzli şəkildə kriminallaşdırıldığını qeyd edib. O, həm 2013, həm də 2024-cü il həbslərinin prezident seçkilərinə dair tənqidi çıxışlarından dərhal sonra baş verdiyini xatırladaraq, istintaqın siyasi sifarişlə aparıldığını deyib.
Anar Məmmədli bildirib ki, saxlanılma zamanı kompüter və telefonlarına qanunsuz baxış keçirilib, şəxsi və peşəkar materialları təhrif olunub. Onun sözlərinə görə, istintaq audit və vergi yoxlaması səlahiyyətlərini mənimsəyərək əsassız “maliyyə əməliyyatları” görüntüsü yaradıb.
“Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması” ittihamı ilə bağlı o, avtomobili və bank hesabındakı vəsaitin əsasən Avropa İnsan Haqları Məhkəməsinin ona ödədiyi kompensasiyalar olduğunu bildirib. İttiham aktında isə bu əmlakın hansı cinayətdən əldə olunduğu göstərilməyib.
Məmmədli əlavə edib ki, “qeydiyyatsız qrant müqavilələri” ilə bağlı ittihamlar da əsassızdır. Onun sözlərinə görə, istintaq bir sıra köhnə və təsdiqlənməmiş faylları maliyyə sənədi kimi təqdim edib, amma onların mötəbərliyi sübuta yetirilməyib.
O, yekunda istintaqın Cinayət Məcəlləsini təhrif etdiyini, konstitusiya və beynəlxalq konvensiyalarla qorunan hüquqları kriminallaşdırmağa çalışdığını bildirib və işə xitam verilməsini tələb edib.
Növbəti iclas oktyabrın 27-nə təyin olunub.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Əvvəlcə ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra digər maliyyə cinayətləri maddələri də əlavə edilib.
Bu iş üzrə digər təqsirləndirilən şəxs, ictimai fəal Anar Abdullaya da ittiham irəli sürülüb. O, əvvəlcə polisin nəzarətinə verilsə də, iyulun 11-də inzibati qaydada 30 sutka həbs olunub. Abdulla məhkəmədə bildirib ki, avtobusdan düşərkən saxlanılıb və heç bir qanun pozuntusu etməyib. Daha sonra dövlət ittihamçısının tələbi ilə onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib və Abdulla məhkəmə zalında həbs edilib.