"Abzas Media"nın qadın jurnalistləri şəxsi əşyalarının Bakı İstintaq Təcridxanasında oğurlandığını bildirirlər

"Abzas Media"nın qadın jurnalistləri şəxsi əşyalarının Bakı İstintaq Təcridxanasında oğurlandığını bildirirlər
27 Sentyabr 2025
Mətni dəyiş

Lənkəranda yerləşən Penitensiar Kompleksə köçürülən “Abzas Media”nın qadın əməkdaşları şəxsi əşyalarının Bakı İstintaq Təcridxanasında (BİT) oğurlanmasından şikayətləniblər.

Bu barədə nəşrin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı ailəsinə məlumat verib. Onun sözlərinə görə, sonuncu dəfə BİT-də keçirilən yoxlamadan sonra jurnalist Nərgiz Absalamovanın demək olar ki, bütün əşyaları yoxa çıxıb:

“Paltarı, gödəkcəsi, corabları, təmizlik vasitələri, qab-qaşıqları, kosmetikası, ayaqqabıları, dərmanları – heç biri ona çatmayıb. Nərgizin şəxsi əşyaları oğurlanıb. Prosesə isə rəis müavini Cavid Güləliyev nəzarət edirdi və məsuliyyət də onun üzərindədir”, – Vaqifqızı bildirib.

Onun sözlərinə görə, BİT-dən onların saxlanıldığı Lənkəran həbsxanasına əşyaların orada olmaması barədə məlumat verilib. Jurnalist isə qeyd edib ki, onlar sonuncu dəfə yalnız BİT-də yoxlanılıb və birbaşa Lənkərana aparılıblar, buna görə də əşyaların başqa yerdə itməsinə imkan olmayıb.

“Bizdən rüşvət ala bilmirdilər, görünür, bu cür oğurluqla özlərinə təsəlli verirlər. İndi oğurladıqlarını geri tələb edirik”, – deyə Sevinc Vaqifqızı əlavə edib.

Onun sözlərinə görə, həmçinin onun və Elnarə Qasımovanın da yuyucu vasitələri götürülüb.

Sentyabrın 25-də Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Bakı İstintaq Təcridxanasından Lənkərandakı Penitensiar Kompleksə köçürülüblər. Jurnalistlərin yaxınları bildirir ki, köçürülmə zamanı rəis müavini Cavid Güləliyev Nərgiz Absalamovaya qarşı kobud rəftar edib.

Onlar həmçinin qeyd edirlər ki, Lənkərana köçürülmə yaxınları ilə görüş imkanlarını daha da çətinləşdirib. Jurnalistlər bunu məhz yazılarına görə təzyiq kimi qiymətləndirirlər.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Abzas Media işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun