ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünün əsas məqsədinin Ukraynadakı müharibəni dayandırmaq olduğunu deyib.
Trampın sözlərinə görə, o, sonda müharibə aparan ölkələrin liderlərini bir masa arxasında toplamaq istəyir.
“Sonda onların hər ikisini bir otağa salacağam. Bəlkə mən də orada olacağam, bəlkə yox. Və düşünürəm ki, həll olunacaq,” - deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, 15 avqustda Putinlə görüş sınaq xarakteri daşıyacaq. O deyib ki, danışıqlar yaxşı da nəticələnə bilər, pis də.
Tramp, həmçinin ərazi mübadiləsi ehtimalını da, hətta vasitəçilik səylərinə son qoya biləcəyini də istisna etməyib. O əlavə edib ki, razılaşma hər iki tərəf üçün sərfəli olmalıdır.
Mətbuata sızan məlumatlara görə, Kiyev və Moskva arasında sülh sazişi Ukraynanın ərazi güzəştləri ilə bağlı bəndləri - Trampın ifadəsi ilə desək, “ərazilərin mübadiləsi”ni əhatə edəcək. Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, “Ukraynanın ərazi məsələsinə cavab artıq Ukrayna Konstitusiyasında var.”
Donald Trump və Vladimir Putinin görüşünün 15 avqustda Alyaskada baş tutacağı gözlənilir. Bundan əvvəl Tramp Putinlə görüşmək üçün Rusiyaya gedəcəyini desə də, Ağ Ev onun bu sözlərini dil sürüşməsi adlandırıb.
Trampla Putinin görüşü təyin edildikdən sonra, avqustun 10-da məlum olub ki, Ağ Ev Alyaska görüşünə Ukrayna prezidenti Vladimir Zelenskini də dəvət etməyi nəzərdən keçirir.
Elə həmin gün Avropa liderləri Avropa Komissiyasının saytında birgə bəyanat dərc ediblər. Bəyanatda deyilir ki, Avropanın və Ukraynanın təhlükəsizlik maraqları Ukraynanın suverenliyini və ərazi bütövlüyünü effektiv şəkildə müdafiə etməsinə imkan verəcək “möhkəm və etibarlı təhlükəsizlik zəmanətləri” tələb edir.
Avqustun 13-də Tramp və Putinin görüşündən iki gün əvvəl Avropa liderləri və Zelenski ABŞ prezidenti ilə telefon danışığı aparacaqlar.
Bloomberg-in məlumatına görə, Zelenski, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Finlandiya liderləri ABŞ prezidenti Donald Tramp ilə onlayn görüş keçirəcəklər. Söhbətdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens də iştirak edəcək.