Tramp bu gün İlham Əliyev və Nikol Paşinyanla görüşəcək

Tramp bu gün İlham Əliyev və Nikol Paşinyanla görüşəcək
8 Avqust 2025
Mətni dəyiş

Bu gün ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Tramp bu görüşü “Tarixi sülh sammiti” adlandırıb.

“Bu iki millət uzun illərdir müharibə vəziyyətindədir və minlərlə insan həlak olub. Bir çox lider müharibəni bitirməyə çalışsa da, heç biri uğur qazana bilməyib. Nəhayət, indi, ‘TRUMP’ sayəsində bu mümkün oldu,” – Tramp “Truth Social” platformasında yazıb.

O, ABŞ rəsmilərinin hər iki ölkə ilə bir müddətdir əlaqə saxladığını qeyd edərək, hər iki liderin rəsmi “Sülh imzalama mərasimi”ndə iştirak edəcəyini elan edib.

Tramp onu da yazıb ki, ABŞ hər iki ölkə ilə iqtisadi əməkdaşlıq sazişləri imzalayacaq ki, Cənubi Qafqazın potensialı tam istifadə olunsun.

“Ermənistan və Azərbaycanın şanlı insanları üçün düzgün addımı atan bu cəsur liderlərlə qürur duyuram. Bu, Ermənistan, Azərbaycan, ABŞ və bütün dünya üçün tarixi gün olacaq,” – Tramp yazıb.

Artıq həm İlham Əliyev, həm də Nikol Paşinyan ABŞ-a rəsmi səfərə gəliblər.

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb. 

“Azərtac” dövlət agentliyi xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. 

Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Sonra İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub.

Mətbuatda yazılanlara görə, Tramp bu gün Bakı vaxtı ilə 22:30-da Nikol Paşinyanla, 23:20-də isə Prezident İlham Əliyevlə görüş keçirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun