Sevinc Vaqifqızı həbsdən yazır: Təcridxanada nəzarətçi olmaq: “Özümə yer eləyən kimi, dedim, o puldan mənə də çatacaq, yoxsa qapı açmıram”

Sevinc Vaqifqızı həbsdən yazır: Təcridxanada nəzarətçi olmaq: “Özümə yer eləyən kimi, dedim, o puldan mənə də çatacaq, yoxsa qapı açmıram”
28 Avqust 2025
Mətni dəyiş

İş üçün döndüm-dolaşdım “təhsilin yoxdur” deyib işə götürmədilər. Bir gün öyrəndim ki, 3 aylıq kurs keçməklə Penitensiar Xidmətin əməkdaşı olmaq olur. Kursa yazılıb, onu yarım-yamalaq bitirib işə girişdim.

Məni Bakı İstintaq Təcridxanasının qadın korpusuna nəzarətçi göndərdilər. Əvvəl-əvvəl nizam-intizamdan çox danışdılar. Özümü toparlayıb işimə diqqət elədim.

Gün keçdikcə başqa nəzarətçilərin illərlə topladığı təcrübəyə baxıb özümü məzəmmət elədim ki, bu nizam-intizamla hara qədər gedəcəksən? Maşının krediti durur, benzin pulunu çıxarmalıyam, özümə əyin-baş almalıyam. Hara qədər nizam-intizam?

Maaşım heç “Penitensiar Xidmət” yazılı köynək almağa bəs eləmir. Köynəyim tiftik-tiftikdir, amma təzəsini almaq üçün kənara pul qoya bilmirəm.

Əvvəl-əvvəl 650 manat maaş alırdım. Düzdür, bu pulun qarşılığında bir hərf də tanımıram. Çətinə düşəndə dustaqlardan əlifba sırasını götürürəm. Çox vaxt iş jurnalını da dustaqlara yazdırıram. Buna görə bir-iki dəfə danlanmışam da. Amma nə olsun hərfləri bilmirəm, əsas odur “ə, nədir?”, “az, nədir?” deyə qadın məhbusların üstünə qışqırıb korpusda sakitlik yaradıram. Hər necə olsa da, əsas odur mənim növbəmdə məndən başqa heç kimin səsi çıxmır.

Gördüm bu qədər əziyyətin qabağında 650 manat azdır, bir tərəfdən də gözümün qarşısında telefona gəlib-gedən baş nəzarətçiyə, rejim rəisinə haqq verir gedir. Dedim, bəs qapını açan mən, dustağı telefona çıxaran mən, pulu götürəndə niyə yada düşmürəm? Özümə yer eləyən kimi, dedim, o puldan mənə də çatacaq, yoxsa qapı açmıram. Qoy, elə dustaqlar “telefon” deyib dad döysünlər. Bundan sonra 5-10 manat “hörmət” elədilər. Amma çox xəsisdilər, daha artığını vermədilər. Mən də pul qazanmaq üçün başqa yollar axtardım. Məsələn, dustaqlar film istəyəndə hər seriyasını 1 manata karta yazdırıb onlara satmağa başladım. Hələ mən yaxşıyam, başqa nəzarətçilər burada ətirdən tutmuş şampuna qədər gətirib satırlar.

Aramızda nə söz-söhbət olsa da, dustaqlar hörmətimi saxlayır. Ürəyimdən nə keçsə, bişirib verirlər. İşdə olanda yeməyə pul xərcləmirəm, hamısını dustaqlar qarşılayır. Düzdür, sonra onların üstünə çəmkirirəm, amma ara sakitləşən kimi gəlib çörəklərini itirmədiyimi deyirəm. Elə rəisin də “çörəyini” itirmirəm. Görsəm ki, siyasilərdən kimsə onun haqqında eninə-uzununa danışır, tez araya girib rəisimi müdafiə edirəm. Korpusda bu qədər kamera olsa da, deyəsən, mənim sözlərim onun qulağına çatmır. Yoxsa mənə “Tərifnamə”dən filan verərdi. Canı sağ olsun, əsas odur hərf tanımasam da məni işsiz qoymur.

Burada “adamın” olmayanda işləmək çətin olur. Çox vaxt başqalarının da işini sən görməli olursan, çünki onların adamı var. Yaxşı vəzifədə adamın varsa, boynuna dəsmal salıb oturursan, rütbəlilər qarşında işləyir, sən isə yerindən tərpənmirsən. Qapını açıb dustağı içəri salmaq nədir? Heç zəng çalan telefonu da götürmürsən. Kənardan baxan hər kəs də hesabını götürür ki, sənə iş buyurmaq olmaz, çünki sənin adamın var. Hələ ki, mənim qismətimə belə adam düşməyib, ona görə pis, yaxşı işləməli oluram.

Gecə işləmək daha rahatdır. Növbəyə qalanda kameralardan götürdüyüm tumu çırtlaya-çırtlaya saatlarla dustaqlarla korpusun dedi-qodusunu edirəm. Söhbətin şirin yerində kimsə məni çağırsa, əsəbləşirəm. Qışqırıram “gözlə də...”, “həkim demisən, bildik də...” deyib söhbətimi yekunlaşdırmadan yerimdən tərpənmirəm.

Gördüm yoruluram başımı atıb yatıram. Hamıya da demişəm, “nə dərdiniz var mən yatana qədər deyin, yoxsa möhkəm yuxuya gedirəm, oyanmayacam”. Gecə kiminsə halı pisləşsə, vay halına, duran deyiləm.

Sevinc Vaqifqızı

Bakı İstintaq Təcridxanası

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun