Rusiya Ukraynaya Azərbaycan qazının tədarük edildiyi kompressor stansiyasına zərbə endirib

Rusiya Ukraynaya Azərbaycan qazının tədarük edildiyi kompressor stansiyasına zərbə endirib
6 Avqust 2025
Mətni dəyiş

Rusiya ordusu Azərbaycan qazının sınaq tədarüklərinin keçdiyi Ukrayna qaz kompressor stansiyasına zərbə endirib.

Bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.  Bildirilir ki, hadisə avqustun 6-na keçən gecə baş verib.

“Current Time” yazır ki, bu stansiya vasitəsilə ölkəyə Azərbaycan qazının sınaq tədarükləri həyata keçirilirdi.

Stansiya Odessa vilayətində, Ukrayna-Rumınya sərhədinə yaxın ərazidə yerləşir.

Nazirlik bildirib ki, həmin kompressor stansiyası Yunanıstandakı LNG (mayeləşdirilmiş təbii qaz) terminallarını Ukraynanın qaz anbarları ilə Transbalkan qaz kəməri vasitəsilə birləşdirən marşrutun bir hissəsidir.

Energetika Nazirliyi bunu “energetikaya və eyni zamanda Azərbaycan, ABŞ və Avropa tərəfdaşları ilə münasibətlərə qarşı məqsədyönlü hücum” adlandırıb.

Ukraynanın energetika naziri Svetlana Qrinçuk deyib ki, bu, 2027-ci ildə Rusiyadan təbii qaz idxalını tam dayandırmağı planlaşdıran bütün Avropa üçün açıq mesajdır.

Azərbaycan qazının Transbalkan qaz kəməri ilə (marşrut Türkiyə, Bolqarıstan, Rumıniya və Odessa vilayətinin bir hissəsindən keçir) Ukraynaya tədarükünə iyulun sonunda başlanılıb. “Naftoqaz Ukrayna” şirkəti bu barədə Azərbaycan dövlət şirkəti SOCAR ilə müvafiq saziş imzalayıb. Qrinçuk həmin vaxt bildirmişdi ki, tədarük həcmləri böyük olmasa da, “strateji əhəmiyyətə” malikdir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Odessa vilayətinin Novoselske kəndindəki qaz stansiyasına zərbə nəticəsində yüzlərlə ailə qazsız qalıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun