Rumıniya Energetika Nazirliyi Azərbaycandan gətirilmiş çirklənmiş xam neft səbəbindən “böhran səviyyəsində” fövqəladə vəziyyət elan edib. Bu barədə qurum avqustun 4-də rəsmi saytında məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, OMV Petrom şirkəti 16–18 iyul tarixlərində Türkiyənin Ceyhan limanından yüklənmiş 92 min tonluq Azərbaycan nefti partiyasını qəbul edib.
Yüklərin boşaldılması zamanı aparılan yoxlamalar xam neftin üvi xloridlər ilə çirkləndiyini göstərib. Eyni səbəbdən şirkət daha bir 92 min tonluq partiyanın yüklənməsindən imtina edib.
Beləliklə, Petrobrazi neft emalı zavodunun təchizat zəncirindən ümumilikdə 184 min ton idxal xam nefti çıxarılıb.
Təchizatdakı fasiləni aradan qaldırmaq üçün OMV Petrom 80 min ton xam neft və 30 min ton dizelin ölkənin fövqəladə ehtiyatlarından buraxılmasını istəyib.
Energetika Nazirliyi Avropa Komissiyasını məlumatlandıraraq bu tələbə icazə verib. Nazirlik bildirib ki, bu addım zavodun fasiləsiz fəaliyyətini təmin etmək və milli yanacaq bazarında ciddi pozuntuların qarşısını almaq məqsədi daşıyır.
İyulun sonunda “BP” Azərbaycanın bəzi neft göndərişlərində çirklənmə ehtimalı ilə bağlı məlumat aldığını demişdi.
Şirkətin açıqlamasına görə, problem üzvi xlorid adlı kimyəvi maddə ilə bağlıdır. Bu maddə yüksək miqdarda olduqda neftin emal olunduğu zavodlara və avadanlıqlara zərər vura bilər.