Paşinyan “Qarabağ hərəkatı”nın tələblərindən imtina edib

Paşinyan “Qarabağ hərəkatı”nın tələblərindən imtina edib
25 Avqust 2025
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin müstəqillik bəyannaməsinin qəbulunun 35-ci ildönümündə bəyanatla çıxış edib. 

“Azadlıq Radiosu”nun Ermənistan bürosu yazır ki, Paşinyan sənəddə yer alan Qarabağ iddialarının sovet hakimiyyətinin formalaşdırdığı “vətənpərvərlik modeli”nə əsaslandığını bildirib. 

Paşinyanın sözlərinə görə, Ermənistan real müstəqilliyə yalnız Azərbaycanla sülh razılaşmalarına nail olduqdan və Qarabağa dair iddialardan imtina etdikdən sonra çatıb.

1990-cı il avqustun 23-də qəbul edilən müstəqillik bəyannaməsində Ermənistan SSR-in adı dəyişdirilərək Ermənistan Respublikası elan olunmuş, sənəddə Qarabağla “birləşmə” ifadəsinə də yer verilmişdi. Paşinyan hesab edir ki, həmin dövrdə siyasi elitanın mövqeyi sovetlər tərəfindən formalaşdırılan və “xaricə yönəlmiş” patriotizmə əsaslanırdı, nəticədə də Qarabağ iddiaları ortaya çıxdı.

Onun sözlərinə görə, 1988-ci ildə Qarabağın Ermənistana verilməsini tələb edən və nəticədə regionda qanlı münaqişəyə səbəb olan “Qarabağ hərəkatı” sovet hakimiyyətinin formalaşdırdığı “sosial-psixologiyanın” məhsulu id:

“Xarici konflikt üzərində qurulan ölkə real müstəqillik qura bilməz. “Qarabağ hərəkatı”nın davam etdirilməsi Ermənistan üçün fəlakət olardı”.

Paşinyan vurğulayıb ki, son illər yürüdülən siyasət nəticəsində Azərbaycanla sülh prosesi və Türkiyə ilə dialoq mümkün olub:

“Ermənistan indi tarixində heç vaxt olmadığı qədər müstəqildir. Bu avqust bizim üçün sülh və rifah dövrünün başlanğıcıdır”.

Maraqlıdır ki, onun müraciətində Rusiya ümumiyyətlə xatırlanmayıb.

2023-cü ildə Azərbaycan Qarabağı işğaldan tam azad edib, bölgənin erməni əhalisi isə ərazini tərk edib. Bu il avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat dəhlizi barədə razılaşma imzalayıblar. Paşinyanın təklifi ilə dəhlizə “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” adı verilib.

Həmçinin Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişi dərc olunub. Sənəddə tərəflər qarşılıqlı ərazi iddialarından və güc tətbiqindən imtina edirlər. Bakı daha əvvəl Ermənistan konstitusiyasından müstəqillik bəyannaməsinə istinadların çıxarılmasını tələb etmişdi. Paşinyan yeni konstitusiyada bu istinadların olmayacağını açıqlayıb.

Şərhçilər bildirirlər ki, ABŞ-nin prosesdə əsas rol oynaması Rusiyanın bölgədəki siyasi çəkisinin kəskin şəkildə azaldığını göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun