Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində ölkəsinin 30 ildən sonra blokadadan çıxdığını bəyan edib.
Paşinyanın sözlərinə görə, kommunikasiyaların açılması üçün ilk növbədə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası aparılmalıdır:
“Bu məsələ yaxın vaxtlarda ətraflı araşdırılmalıdır. Bu, bizim üçün narahatlıq doğuran yeni qapı açmır. Çox soruşurlar ki, 200 kvadrat kilometrdən artıq işğal olunmuş ərazilərin taleyi necə olacaq? Bu reallıq delimitasiya prosesində həll edilməlidir. Sülhün məntiqi ondan ibarətdir ki, Ermənistanın suveren əraziləri Azərbaycan nəzarətindədir, Azərbaycanın əraziləri isə Ermənistanın nəzarətindədir”, – “News.am” yazır.
Paşinyan qeyd edib ki, danışıqlar 2022-ci ilin yazında başlayıb və əsirlərin geri qaytarılması məsələsi gündəmdə olub:
“Əgər bu məsələ yalnız sülh sazişində saxlanılsaydı, 58 vətəndaşımızın əsirlikdən qayıtması, yəqin ki, baş verməzdi. İndi bunun üçün ciddi diplomatik səylər göstəririk”, – deyə baş nazir vurğulayıb.
Baş nazir çıxışında Vaşinqtonda imzalanmış sənədlərə də diqqət çəkib.
“Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. 8 avqustdan sonra biz tamamilə başqa bir Cənubi Qafqazda, yeni bir Ermənistan Respublikasında yaşayırıq. Sülh bizim üçün yad bir reallıqdır. Gəlin, bu reallığı kiçiltməyək. Biz sıfırdan öyrənməliyik ki, sülh nə deməkdir və sülhdə necə yaşamaq olar”, – deyə Paşinyan vurğulayıb.
Onun fikrincə, sülh yalnız cəmiyyətin gündəlik həyatına deyil, həm də “həlak olanların ruhuna işıq salmalıdır”.