"Gülməsək, çərlədərlər" silsiləsindən
Qara dənizin incisi sayılan Krım yarımadasında "Tayqan" adlı xudmani bir safari-park, sadə dillə desək, zoopark vardı. Bəlkə indi də var, bilmirəm, əhəmiyyəti yoxdu, varlığının sual altında olmasının niyəsini və tətik hadisəni danışmaq istəyirəm.
Bir dəfə burada saxlanılan şirlərlərdən biri gözlənilmədən zooparkın direktoru Oleq Zubkova hücum edib dörd-beş yerdən dişlədi və caynaqladı. Çexov deyib ki, bəzi müəlliflər “gözlənilmədən” sözünü işlətməyi xoşlayırlar, amma mən o müəlliflərdən deyiləm, həm də hadisə doğrudan da gözlənilmədən baş verdi. Aslanın erkəyi-dişisi olmaz, amma Zubkova hücum edən “Çingizxan” ayamalı məhz ən zorba erkək idi.
Adamı adicə it dişləyəndə yarası bərk ağrı və fəsad verir. Görün şir dişləyəndə nə olur? Yazıq direktor ağır yaralarla xəstəxanaya çatdırıldı, vəziyyəti isə uzun müddət indiki jurnalistlər yazdığı kimi “stabil ağır olaraq” qaldı.
Yazıq deyəndə ki, onu bir yazıq ilan da vursun!
Bunun da niyəsini bilmək və danışacağım əhvalatın incə məqamlarını daha yaxşı duymaq üçün bir qədər keçmişə baş vurmaq lazımdır. Gücləndikcə ətrafdakı gözünə dəyən bütün torpaqlara və ölkələrə qoşun yeridən Rusiya Krım xanlarına da qalib gəlib XVIII yüzillikdə torpaqlarını öz ərazisinə qatdı.
Sovet dövründə Krımda yaşayan tatarların taleyinin bizimkindən fərqi odur ki, 1944-də Stalin bütün tatar əhalisini Qazaxıstana sürgün etdi. 1954-də isə RSFSR-in tərkibində olan gözəl Krım Moskvanın qərarıyla Ukraynaya verildi. SSRİ-nin dağılmasından sonra müstəqil Ukraynanın tərkibində olan Krımı Rusiya 2014-cü ildə zəbt edəndə Krımın əhalisi iki bərabər olmayan hissəyə bölündü – rus işğalının tərəfdarları və əleyhdarları.
Olay Krımda yaşayan, rus işğalını dəstəkləməyən, Ukrayna telekanallarını xəlvəti izləyən və Ukraynanın qələbəsini eləcə xəlvəti arzulayan bir qrup ukraynalı, rus, tatar cəmiyyətində müzakirə edildi:
- Bunlar Ukraynaya məxsus heyvanlardır, ona görə Oleqi dişləyib.
- Deyirsən, Ukrayna təəssübkeşidirlər? Özü də kim, Çingizxan?
"Tayqan" safari-parkının direktoru Oleq Zubkov Rusiya tərəfdarıdır, rus qoşunları on bir il əvvəl Krıma girəndə duz-çörəkdən başlayaraq bələdçiliyə qədər ruslara hər cür kömək edib, elə ona görə də bizneslə məğul olmağına icazə verilib. Zooparkdakı şirləri isə Rusiya ordusunun 2022-ci ildə işğal etdiyi ərazidən, Mariupol şəhər zooparkından hərbi qənimət kimi gətirib.
Aslanlardan əvvəl Zubkov rus ordusunun tutduğu Xersondan meymun, dəvə, dəvənin əmisi uşağı sayılan Latın Amerikası laması, bir cüt porsuğu da qənimət kimi gətirmişdi. Ədalət naminə deyim ki, şir və meymundan əvvəl də Zubkovun bu heyvan parkında at, eşşək, qatır, inək, qoyun və başqa belə ev heyvanları və quşları da vardı, amma onda da çoxusu qənimət kimi gətirilmişdi.
Yəni Oleq Zubkov adlı sahibkarın Ukraynadan silah gücünə alınan torpaqda yerləşən zooparkının sakinləri əsasən Ukraynadan götürülən hərbi qənimətlərdən ibarətdir...
- Bəlkə Çingizxanın Ukrayna vətəndaşlığı var?
- Sən lağ elə!
- Ukrayna vətəndaşlığı olmasa da, Ukrayna təəssübü olub ki, yambızını qoparıb.
- Heyvan heyvanı dişləyər də!
Çingizxanın direktoruna hücumu xoş havalı bir bazar gününün axşamı, parkdakı heyvanların yemlənməsi və müştərilər bu yemləmə şousuna gur gələn vaxt verib. Həkim Zubkovun boyun, bel, sinə, əl-ayaq və arxa nahiyəsində çoxsaylı ağır və yüngül xəsarət – diş və caynaq yerləri olduğuyla bağlı yerli mediaya açıqlama verib. Zərərçəkən Belogorsk rayon xəstəxanasında əməliyyat olunub, bazar ertəsi isə Mariupola, daha böyük və yaxşı avadanlıqlı-təchizatlı xəstəxanaya köçürülüb. “Vəziyyəti stabil ağır olaraq qalır”.
Heyvanın heyvan direktoruna hücumu barədə məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb, Krımın rus adminisrasiyası da təsdiqləyib, yəni danışdıqlarımın hamısı real başverən əhvalat və dəqiq məlumatdı, şübhəniz olmasın.
- Nə necə olacaq? Sağalanda arxası üstə də yata biləcək.
- O məlum. Stulda necə oturacaq? Dalında ət qalmayıb axı?
- Nolsun? Balış qoyub sümükləri üstə oturacaq.
- Cərrah qarnından kəsib dalına yapışdırar...
- Ukrayna təəssübü Ukrayna vətəndaşlığından asılı deyi!
- Düzdü! O qədər Ukrayna vətəndaşı var ki, Rusiyaya işləyir.
- Ukrayna təəssübü olub ki, yambızını qoparıb.
Amma məsələ Ukrayna təəssübkeşliyində deyil, daha doğrusu, tək onda deyil. Aslanın ona yem verən, əlindən ət yediyi adama hücumunun başqa, daha tutarlı səbəbi də var. Zubkov Krım hakimiyyəti yanındakı "Xırda sahibkarlığa dəstək fondu"ndan "Regionlarda xırda və orta sahibkarlığın inkişafı" proqramı çərçivəsində safari-parkı üçün 50 000 dollarlıq qrant alıb, 25 000-ni ordaca Krımın rəhbəri Sergey Aksenova qaytarmışdı. Krımda qayda belədir, dövlətdən kredit ya qrant aldın, “şapka” ya “otkat”ını verməlisən.
Zubkov da aldığı puldan özünə də bir şey qalsın deyə parkdakı heyvanların gündəlik yem payını azca kəsib, inək, at-eşşək, lama-dəvənin ot-ələfini, şir və pələnglərin də ətini. Gündəlik yemin kəmiyyət və keyfiyyətinin azalması adını çəkdiyim heyvanların heç birinin xoşuna gəlməsə də, "Müdir bilən məsləhətdi" düşüncəsiylə səslərini çıxarmayıblar.
Qoyuna, eşşəyə fərq eləməz, kim onu minir, kim sağır ya yununu qırxır. Yaşadığı ölkənin vəziyyəti, başçısının kimliyinin fərqi yox, istər demokratik yolla seçilmiş Zelenski olsun, istər seçki saxtakarı və avtoritar Putin. Aslan isə fərqinə varır, Çingizxanın da əməli də göz qabağında.
Hamısı heyvan olsa da, budur aslanın qoyundan, eşşəkdən fərqi...
Yeri gəlmişkən, şirin zoopark direktorunu caynağına keçirib ora-bura sürüməsindən və atıb getməsindən ürəklənən dəvə, al qan içində yerə sərilib zarıyan Oleqə yaxınlaşıb üzünə lomba ilə tüpürdü.
Ukrayna telekanallarını izləyən və qələbəsini arzulayan adamların Oleq Zubkovdan zəhləsi gedirdi, çünki əliəyri və ikiüzlü idi. Ona görə direktorunu qanına qəltan edən zorba aslan Çingizxan Ukraynanın qələbəsini arzulayan adamlar arasında birdən-birə populyarlaşdı, adı dillərə düşdü, hörmətlə çəkildi.
Xəstəxana yatan, dəhşətli olay gözünün qabağında videolent kimi hey fırlanan Oleq Zubkov heç cür anlaya bilmirdi ki, Çingizxana birdən-birə nə oldu? Niyə ona ağız atdı? Yırtıcı olsa da, sakit heyvan idi, aqressivliyi də qədərində, aşırı deyildi axı? Amma Zubkov zoopark direktoru, ortabab oğru menecer olsa da, heyvanları yaxşı tanımırdı. Tanısaydı, dilini bilsəydi, anlardı ki, hücumdan əvvəl aslan niyə iki dəfə astadan, amma qəzəblə mırıldamışdı.
Aslan birinci dəfə “Elə bilirsən, anlamıram? Qanmazam?”, ikinci dəfə “Məni eşşək sayırsan?” deyib sahibinə, amma Zubkov bunu qanmayıb. Şir demək istəyib ki, qrant layihəsində yazılan miqdardan xeyli az ot və ət verirsən himayəndəki heyvanlara. Bu yalnız qarın məsələsi deyil, həm də mənlik məsələsidir, heyvan hüquqlarının müdafiəsi və şərəf məsələsidir. Şirin mırıltısının mənası Oleq Zubkova çatmadı, odur ki, indi xəstəxanada qarnı üstə yatır...
Maraqlıdır ki, “Tayqan” heyvan parkında Çingizxanın direktora hücumu yeganə belə hadisə deyil, oxşar hadisələr əvvəl də olub.
Bir neçə il öncə başqa, “Sultan Səlim” adlı aslan “Крымнаш” döş nişanlı, yəni qatı rusiyapərəst bir turisti budundan dişləyib caynaqlayandan sonra zoopark direktoruna “xidməti səhlənkarlıq” maddəsiylə cinayət işi açılmış, Zubkov babat cərimə və təzminat ödəyəsi olmuşdu.
“Tayqan” parkında başqa yırtıcı, “Atilla” ləqəbli Amur pələngi başqa rusiyapərəst turisti dişləyib zədələmişdi. Onda da cinayət işi açıldı, səhlənkarlıqda bağlı yox, daha ağır “vətənə xəyanət” maddəylə, çünki şübhə yaranmışdı ki, Zubkov Ukrayna kəşfiyyatına xidmət edərək vətənpərvər Rusiya vətəndaşlarını bəslədiyi yırtıcılar vasitəsiylə terror edir. Aslanın və pələngin iynə ilə yuxuya verib öldürülməsi söz-söhbəti yarandı və yayılmağa başladı.
Amma hakim “Vahid Rusiya” partiyasının fəalı Oleq Zubkov da əfəl deyildi, zirək tərpənib müstəntiqiylə danışdı, Krım üçün nəhəng sayılan girovla zaminə götürülüb məhkəməyəcən azadlığa çıxdı, prokuroluqda prokuroru, məhkəmədə hakimi gördü, Krımın rəhbəri Sergey Aksenovla da danışdı, hamısına hörmət eləyib dövlətçiliyin əleyhinə deyil, əsl vətənpərvər olduğunu sübuta yetirdi.
Xərci çox çıxdı, təbii, amma işi elə yoluna qoydu ki, şir-pələngi də öldürmək də gərək olmadı.
Sergey Aksenov Krımın rəhbəri təyin olunmamışdan öncə də tanınan, sayılan kriminal avtoritet və iş adamı idi. İki dəfə yatıb çıxıb, bir dəfə papaq oğurluğu, bir dəfə də zorlama üstündə. Krımda ilk pullu tualeti o açıb işlədib, əli gətirib, sonra şirkətini böyüdüb, Krımın bütün kurort şəhərlərində tualet şəbəkəsi yaradıb.
Oleq Zubkov isə heyvansevər olmasa da, pulsevər idi, haqq-hesabını yaxşı bilirdi. Zooparka pul gətirən inək, eşşək, keçi kimi ev heyvanları deyil, yırtıcılardır. Müştəri aslan və pələnglərə baxmağa gəlir, ata-eşşəyə yox. Eşşək, vabşe minilən heyvan hər yerdə çoxdur və Rusiya, Azərbaycan telekanalizasiyalarında belələrini nə qədər üfləyib şişirtsələr də, yalnız özü kimilərini maraqlandırır, o da hamısını yox.
Amma aslanı minmək olarmı?
Kimsə desə ki, sirkdə minilən şir-pələng görüb, deyərəm - ancaq xoş rəftarla, özünü sevdirə bilsən, aslan səni sevsə, icazə versə. Verməsə, aqibətin Zubkov ya “Крымнаш” nişanlı turist kimi olacaq. Zubkov isə həbs cəzasına başqa, xeyli yüngül, “ehtiyatsızlıqla zərər yetirmə” maddəylə məhkum edilsə də, ikicə ay sonra hökm yenidən baxılmağa göndərildi, cəzası azaldıldı və şərti həbslə əvəz olundu – eynən gözəlim Azərbaycanda oğru, qatil, dələduz və dövlət əmlakını talayanlar kimi.
Korrupsiya isə bütün dünyada var, hə.
Seçilən yox, təyin olunan nadan deputat, talançı nazir, qudurğan nazir balası, irili-xırdalı məmur və başqa oğru, dələduz, fırıldaq, üzəduran da bütün dünyada var. Amma...
Nədən yağar Bakıma qəmli yağışlar?
Zalımlar kölələri minməyi xoşlar.
Çingizxan olayıyla bağlı etirazçı krım tatarı, ukraynalı cavanlar arasında yeni bir deyim yaranıb və yayılır. Əslində bu deyim yeni deyil, bənzər zərb-məsəli hələ ötən əsrin 70-ci illərinin əvvəlində tələbə dostum Əkrəm Bünyadzadədən bir qədər başqa formasını eşitmişəm. Bu məsəli Bakıya qonaq gələndə eşidib öyrənən tatar balası Refat İsmayıl Krıma gətirib və bir içki məsclisində sağlıq kimi deyəndən sonra populyar söz - mem olub:
"Ac ol, kişi ol - aslan ol, eşşək olma!"
Ona görə də soruşuram – görəsən, o şirdən bizdə niyə yoxdu? Tapılsa, yalançı, talançı və rüşvətxorların üzünə tüpürən dəvə çox olacaq...
Çingiz Sultansoy