Xəzər dənizinin səviyyəsinin enməsi Azərbaycanda neft daşımalarını çətinləşdirir

Xəzər dənizinin səviyyəsinin enməsi Azərbaycanda neft daşımalarını çətinləşdirir
22 Avqust 2025
Mətni dəyiş

Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsi Azərbaycanda neft daşımalarını çətinləşdirir, logistika xərclərini artırır və həssas dəniz ekosistemini təhlükə altına salır. Bu barədə hökumət rəsmiləri və alimlər "Reuters"ə bildiriblər. 

Ekologiya nazirinin müavini Rauf Hacıyev deyib ki, dənizin dayazlaşması onilliklərdir müşahidə olunur, lakin son dövrdə proses kəskinləşib. Onun sözlərinə görə, son 5 ildə suyun səviyyəsi 0,93 metr, 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb. Hazırda illik enmə tempi 20–30 santimetr civarında qiymətləndirilir. 

“Dəniz sahilinin geri çəkilməsi təbii şəraiti dəyişdirir, iqtisadi fəaliyyəti pozur və dayanıqlı inkişaf üçün yeni çətinliklər yaradır,” – deyə Hacıyev qeyd edib. 

Hacıyev apreldə yaradılmış Azərbaycan–Rusiya birgə işçi qrupunda ölkəni təmsil edir. Gərgin münasibətlərə baxmayaraq, tərəflər sentyabrda Xəzərin vəziyyətinə dair monitorinq və cavab tədbirləri üçün onlayn proqramı təsdiqləməyi planlaşdırır.

Moskva əsas səbəb kimi iqlim dəyişikliyini göstərir. Bakı isə əlavə olaraq Rusiyanın Volqa çayı üzərində tikdiyi bəndlərin təsirini vurğulayır. Volqa Xəzərə daxil olan suların 80 faizini təmin edir. 

Hazırda Azərbaycanda təxminən 4 milyon, bütün Xəzəryanı regionda isə 15 milyon insan dənizdən asılıdır. Hacıyev deyib ki, səviyyənin enməsi artıq Bakının liman fəaliyyətinə təsir edir, yükdaşıma gücünü azaldır və xərcləri artırır. 

Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahovun sözlərinə görə, Dubəndi neft terminalından keçən neft və neft məhsullarının həcmi 2025-ci ilin ilk yarısında 810 min ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 880 min ton idi. Salahov azalmaya məhz suyun səviyyəsinin düşməsini səbəb göstərib və qeyd edib ki, limanın sabit fəaliyyəti üçün dərinləşdirmə işləri vacibdir. 

2024-cü ildə Dubəndidə 250 min kubmetrdən çox dərinləşdirmə aparılıb. Apreldə istifadəyə verilən “İnşaatçı Soltan Kazımov” adlı yeni gəmiylə dənizin dibinin 18 metrədək dərinləşdirilməsi planlaşdırılır. 

Hacıyev ekoloji fəsadların da ciddi olduğunu bildirib. Onun sözlərinə görə, bataqlıqlar, laqunlar və qamışlıqlar yoxa çıxır, nəsli kəsilməkdə olan nərəkimilər yay və payız mövsümlərində yaşayış areallarının 45 faizini itirir və kürüləmə yerlərindən məhrum olur. Xəzər suitiləri də risk altındadır. Şimalda suların çəkilməsi və mövsümi buzlaqların yoxa çıxması onların çoxalma yerlərini sıradan çıxarır. 

“Dəniz səviyyəsinin 5 metr düşməsi nəticəsində suitilər çoxalma yerlərinin 81 faizini itirir, 10 metrlik enmə isə onları demək olar ki, tamamilə uyğun mühitdən məhrum edir,” – Hacıyev bildirib. 

Coğrafiya İnstitutunun Xəzər sahilləri və dəniz dibinin geomorfologiyası şöbəsinin müdiri, professor Əmir Əliyev də deyib ki, səviyyə 1995-ci ildən bəri ardıcıl olaraq düşür və 30 ildə təxminən 2 metr azalıb. O, bunu əsasən su balansındakı dəyişikliklərlə əlaqələndirib. Volqa hövzəsində yağıntıların azalması nəticəsində çayın Xəzərə gətirdiyi suyun 30 faizə qədər azaldığını qeyd edib. 

Hazırda Xəzər dənizi dünya okeanı səviyyəsindən 29 metr aşağıda yerləşir. Əliyev proqnozlaşdırır ki, 2040–2050-ci illərdə bu göstərici 31 metrə qədər düşə bilər: 

“Pirallahı adası dəniz geri çəkildikcə Abşeron yarımadasına birləşə, oxşar dəyişikliklər isə Çilov yaxınlığında da müşahidə edilə bilər,” – deyə alim vurğulayıb. 

Əliyev bu prosesin tarixi dövrlərdə dəfələrlə baş verdiyini xatırladaraq, Abbasqulu ağa Bakıxanovun “Gülüstan-i İrəm” əsərində də Xəzərin yüksək səviyyədə olmasına dair qeydlərin olduğunu əlavə edib. 

“Xəzər bir növ özünü tənzimləyən orqanizm kimi davranır, amma hazırkı illik 10–15 santimetrlik enmə iqlim dəyişikliyinin yağıntı və dövran nümunələrinə təsirini əks etdirir,” – deyə professor bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun