2023-cü ilin iyulunda Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsində intihar edən əsgər Bəkiyev Kənan Seymur oğlunun ailəsinə yazdığı məktub ortaya çıxıb.
O, odlu silahdan atəş açaraq həyatına son qoymazdan əvvəl yazdığı məktubunda bunları deyib:
“Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev”.
“Musavat”ın yazdığına görə, istintaq Bəkiyevin bu addımı zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində atdığını müəyyən edib. Araşdırma zamanı məlum olub ki, təkcə Bəkiyev deyil, bir neçə əsgər də zabitin döyülmə, təhqir və təzyiq kimi rəftarlarının qurbanı olub.
Qeyd olunub ki, hadisədən bir gün əvvəl baş leytenant Bəkiyevi sıra önündə təhqir edib, rabitə vasitələrinin üzlüklərinin olmaması və icazəsiz yeməkxanaya getməsi kimi səbəbləri əsas gətirərək onun ləyaqətini alçaldıb. Komandir həmçinin əsgər yoldaşının doğum günü şənliyini yarıda saxlayıb, tortun kəsilməsinə icazə verməyib və Bəkiyevin xidmətdə oturması üçün istifadə etdiyi oturacağı götürərək onu ayaq üstə cəzalandırıb.
Bəkiyevin məktubunu cibinə qoyaraq zastava gözətçisi xidmətində olan əsgər yoldaşından silah aldığı və çənə nahiyyəsindən atəş açaraq özünü vurduğu bildirilib.
Baş leytenant Tofiq Məmmədov həbs olunub və məhkəmənin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya və kassasiya şikayətləri təmin edilməyib, Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.