Məhəmməd Kekalova vəkili ilə danışmağa icazə verilmədiyi bildirilir

Məhəmməd Kekalova vəkili ilə danışmağa icazə verilmədiyi bildirilir
12 Avqust 2025
Mətni dəyiş

“Abzas Media işi” çərçivəsində həbs edilən Məhəmməd Kekalova vəkili ilə telefonla əlaqə saxlamasına imkan verilmədiyi bildirilib.

Bu barədə məlumatı “Abzas Media”ya onun ailəsi verib.

Ailəsinin sözlərinə görə, Kekalov bu gün saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleksdən vəkilinə zəng etmək istəyib. Lakin həbsxana işçiləri buna icazə verməyib, telefon dəstəyini əlindən zorla alaraq yerinə qoyublar. Ona yalnız həbsxana rəisinin icazəsindən sonra vəkilinə zəng edə biləcəyi deyilib.

“Abzas Media işi” çərçivəsində həbs edilən şəxslərə istintaq dövründə vəkilləri ilə telefon danışığına qadağa qoyulmuşdu. Lakin bu məhdudiyyətin yekun məhkəmə hökmündən sonra da qüvvədə qalması ilə bağlı rəsmi məlumat yoxdur.

Məhəmməd Kekalov 2025-ci il iyunun 20-də 7 il 6 ay azadlıqdan məhrum edilib. O, “Abzas Media işi”ndə digər 6 nəfərlə birlikdə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətlərini ehtiva edən 8 maddə ilə ittiham olunub.

Həmin iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova isə 8 il azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərin hamısı ittihamları rədd edir və həbslərinin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun