“Meydan TV işi” üzrə ibtidai istintaqın başa çatdığı bildirilir. Bu barədə jurnalistlərin yaxınları məlumat verib.
Bildirilib ki, avqustun 28-də Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaqın sonunda təqsirləndirilən şəxslərə yekun ittiham elan olunub. Tanışolmadan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
İş üzrə həbs edilən jurnalistlər Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurlar.
Jurnalistlərə qarşı irəli sürülən maddələr bunlardır: 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə)
“Meydan TV”nin redaktoru Orxan Məmməd özünün “Facebook” hesabında bildirib ki, əlavə edilən bütün ittihamları rədd edirlər. Onun sözlərinə görə, bu günlərdə cinayət işinə yeni şəxslərin cəlbinə çalışılıb.
“Eyni zamanda “Meydan”la heç bir bağlılığı olmayan Ülvi Tahirovun “Meydan TV işi”nə birləşdirilməsi onu göstərir ki, hakimiyyət jurnalistlərə atdığı böhtanın dairəsini genişləndirir. Azərbaycan hakimiyyətinin zaman-zaman repressiyaları genişləndirib, qorxu yaratmaq cəhdləri fayda vermir, azad mətbuat öz işinə çətin də olsa davam edir, lakin hakimiyyət öz tarixinə hər gün əlavə qara ləkə atır. Əməkdaşlarımızı azad edin!”.
"Meydan TV" jurnalistləri ötən ilin dekabrında keçirilən polis əməliyyatı nəticəsində saxlanılıblar. Daxili İşlər Nazirliyi məlumat yayıb ki, onlar "qaçaqmalçılıq" faktı ilə bağlı aparılan istintaq çərçivəsində tutulublar.
Daha sonra jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.
Dekabrın 8-də Xətai Rayon Məhkəməsində jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onların həbs müddəti daha sonra bir neçə dəfə artırılıb.
Bu ilin fevral ayında daha üç jurnalist - fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı "Meydan TV işi" ilə bağlı saxlanılıb.
Mayın 7-də isə jurnalist Ülviyyə Quliyeva (Əli) bu iş üzrə həbs edilib.
Jurnalistlər ittihamları qəbul etmir, qaçaqmalçılıq ittihamının əsassız olduğunu və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.