Azərbaycan Prezidenti İlham Əliyev “Media haqqında” Qanuna yeni dəyişiklikləri təsdiqləyib.
Qanuna edilən əlavələr və düzəlişlər media subyektlərinin qeydiyyatı, fəaliyyət dairəsi, informasiya agentlikləri və xarici media nümayəndələri üçün əlavə məhdudiyyətlər və inzibati tələblər müəyyən edir.
Dəyişikliklərə əsasən, media subyektlərinin təsis olunması və fəaliyyəti ilə bağlı normativ tələblər genişləndirilir.
Qanuna əlavə edilən 62.6-cı maddəyə görə, media subyektlərinin adları digər media qurumlarının adları ilə eyni və ya oxşar olmamalı, həmçinin bu adlarda ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd, istifadəçiləri çaşdıra biləcək ifadələrə yer verilməməlidir.
Digər bir dəyişiklik Media Reyestri ilə bağlıdır. Belə ki, reyestrdə qeydiyyatda olmayan çap mediasının nəşrinə yol verilməyəcək. Reyestrdə olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək.
Paralel olaraq, informasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir. Artıq informasiya agentliyinin azı 20 media ilə informasiya verilməsi haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalıdır.
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib. Həmçinin, yeni layihədə qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir.
“Media haqqında” Qanun ilk dəfə 2021-ci ildə qəbul olunub və o zamandan bəri ölkə daxilindəki jurnalistlər və beynəlxalq qurumlar tərəfindən sərt şəkildə tənqid olunub.
Son dəyişikliklər həmin tənqidlərin daha da artmasına səbəb olub.
Azərbaycanda 29-a yaxın jurnalist həbsdədir.