“Köçürüldüyüm kamerada aclığın verdiyi halsızlıqla uzanmaqdansa, ayaqda tarakan ovlayırdım”- Nərgiz Absalamova

“Köçürüldüyüm kamerada aclığın verdiyi halsızlıqla uzanmaqdansa, ayaqda tarakan ovlayırdım”- Nərgiz Absalamova Foto: Sosial Media
6 Avqust 2025
Mətni dəyiş

Aclığa başladığımız gün – iyulun 22-si bizi inzibati binanın görüş otağına apardılar. İki saata yaxın gözlədikdən sonra geriyə-korpusa qaytardılar. Bu zaman məlum oldu ki, əşyalarımızı çıxarmaq, başqa şəxsləri kameralarımıza yerləşdirmək üçün bizi inzibati binada o qədər saxlayıblar. 

Etiraz etdim, başqa kameraya getmək istəmədiyimi bildirdim. Rəis müavini Əhəd Abdıyev “O zaman yaz ərizəni, aclığı dayandırdığını de, yoxsa başqa kameraya gedəcəksən" deyib məni hədələməyə başladı.

“Getmək istəmirəm, çünki aclığa başlamışam və indidən halsızam, hazırda saxlanıldığım kamera təmizdir və otaq yoldaşım çıxmağa razıdır. Bu halda çirkli və şəraitsiz bir kameranı necə təmizləyim?” - deyə etirazımın səbəblərini bildirdim. 
Əhəd Abdıyevin cavabı isə “Biz demişdik aclıq elə? Etməyəydin, qalardın təmiz kameranda" -oldu.

Abdıyev məni zorakılıqla başqa kameraya aparmağa çalışdı və nəticədə qollarımda qançır izləri yarandı.

Məni gətirdikləri kameranı təmizləməyə 3 gün vaxt sərf etsəm də, dərmanlar töksəm də, oranın köhnə sakinləri olan tarakanlar kameradan çıxmağa razı olmadılar. 

Orda qaldığım müddətdə aclığın verdiyi halsızlıqla uzanmaqdansa, ayaqda tarakan ovlayırdım. Gecələri üzərimə çıxarlar qorxusuyla yata bilmirdim. 

Əhəd Abdiyevin danışığından və bizi gətirdikləri kameralardan da bəlli oldu ki, bu addım aclığı dayandırmağımız üçün bizə mənəvi işgəncə, təzyiqdir. 

Məni yerləşdirdikləri kamera necə bir otaqdır? 

Şəraitsiz, hava gəlməsi üçün çıxarılmalı olan pəncərə şüşələri çıxarılmayan, açılan pəncərəsi torsuz, hər tərəfi hörümçək toru bağlamış, içi tarakan və tanımadığım digər böcəklərlə dolu bir kameradır. 

Kameranın tualetində əl-üz yuyanın kanalizasiya borusu xarab olduğu üçün çirkli su birbaşa vedrəyə axır. Hər dəfə çirkli su ilə dolu olan vedrəni dəyişməli oluram. Xarab olan digər kran bağlanmadığı üçün su verildiyi müddətdə daim axır. Həm “su yoxdur, azdır” deyib gündə cəmi 2 saat su verilir, həm də balaca bir kranı belə düzəltməkdə acizdir təcridxana rəhbərliyi. 

Beləcə xarab kranı bağlaya bilmədiyim üçün su israf olur. Hamamın divarlarındakı rütubətə baxanda bunun artıq illərdir belə davam etdiyi aydın olur. Kameranın eni 2,5 addım, uzunu 7 addımdır. Kameranın içində yerləşən hamam-tualetin uzunu 2,5 addım, eni isə 1 addım belə sayılmır. Kameraya nəzarətçi girdikdə keçə bilsin deyə yataqda uzanmalı oluram. Otaqda olan saysız problemləri həll etmələri üçün santexnik çağırmalarını istəsəm də, 7 gün nə gələn oldu, nə gedən. Pəncərələri torsuz olduğu üçün tarakanlarla yanaşı ağcaqanadlarla da mübarizə aparmalı oluram. 

Bəs ilk dəfə aclıq etdikdə necə olmuşdu? 

Elnarə ilə mən 2 nəfərlik, Sevinc 4 nəfərlik kamerada saxlanıldığı üçün təkcə Sevinc 2 nəfərlik kameraya köçürüldü, Elnarə ilə mənim otaq yoldaşlarımız isə Sevincin saxlanıldığı 4 nəfərlik kameraya köçürüldü. Otaqlarımızda axtarış oldu və yeməli olan hər şey otaqdan çıxarıldı. Bələcə biz aclığa başladıq.

Aclığa başladığımız gündən həkimlər gündə 1-2 dəfə təzyiq, ürək döyüntüsu və çəkimizi ölçmək üçün gəldilər. Bəzi həkimlərin cihazı olsa da, digərləri barmaqlarını biləyimizə tutaraq ölçürdülər ürək döyüntülətimizi. Aclığın 3-cü günü baş həkim Vüqar Həsənov yanımıza gələrək aclığı dayandırmalı olduğumuzu dedi və risklərin böyüklüyündən danışdı. 

Aclığın 4-cü günü axşam koridordan qışqırıq və mübahisə səsi eşitdim. Səs “mənə 3-4 günlük deyilmişdi, 4 gün keçdi, ventilyatorumu qaytarın" deyirdi. 

Nəzarətçilər sabah “birtəhər" həll edəcəklərini desə də, saxlanılan şəxs istidən neçə gecədir yata bilmədiyini, sərinkeşini geri istədiyini israrla dedi.

Uzun mübahisədən sonra nəzarətçi Aygül Babayeva yaxınlaşıb həmin şəxsin sərinkeşinin məndə olub-olmamadığını soruşdu. Kimin olduğunu bilmədiyimi, mən gələndə burada olduğunu dedim. Nəzarətçi kənara çəkildi və dustaqla üz-üzə qaldım. Həmin dustaq sərinkeşin onun olduğunu və geri istədiyini dedi. Razılaşdım. Gecə ilə qapıları açıb sərinkeşi götürdülər. Üzərindən 10-15 dəqiqə keçdikdən sonra yenidən qapını açıb sınıq, ayaqda güclə duran bir sərinkeş verdilər.

Səhəri gün isə o sərinkeşin də yeyəsi çıxdı. Və öz sərinkeşini geri istədi. Sən demə, ondan da cəmi 1 günlük istəyiblərmiş. Beləcə otağa sərinkeşlər girib-çıxmağa başladı. Nəhayət başqasının sərinkeşini istəmədiyimi dedikdən sonra öz sərinkeşlərini gətirib verdilər. 

Aclığın 5-ci günü, iyulun 26-sı görüş günü olduğundan səhər hazırlaşıb gözləməyə başladım. Məni görüşə hər zaman apardıqları vaxtdan xeyli gec apardılar. Sən demə, aclığı dayandırmağımız üçün ailəmizə də təzyiq göstəriblər. Onlara sudan başqa heç nə buraxılmayacağını, döşək üzü, balış üzü, dəsmalları keçirməyə icazə verməyəcəklərini deyiblər. Buna xeyli etiraz etdikdən sonra buraxacaqlarını, amma əşyaları köhnə otağıma aparacaqlarını, lazım olduqda mənə bir-bir verəcəklərini bildirdilər. 

Etiraz edəndə Şəhriyar adlı mayor gəlib qardaşımla danışmaq istədiyini bildirdi. “Sualları verən mənəm, etiraz edən mənəm, mənimlə danışın” dedim. Cavabında isə “Mən qadınlarla danışmıram, icazə verin kişilər danışsın” dedi. 

Qadın düşməni bir mayorla daha çox əsəbimi pozmaq istəmədiyimdən söhbəti yekunlaşdırdım. Görüş bitdikdən sonra korpusa qayıtdıq və kamerama keçdim. Görüşdən qayıdan Sevinc məni rəisin qəbuluna aparacaqlarını dedi. Mayor Təranə Quliyeva Sevincə deyib ki, rəis Nərgizin yanında Umbakının rəisi ilə danışacaq və qərarın nə vaxt veriləcəyini soruşacaq.

Hazırlaşıb Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun qəbuluna getdim. Bir neçə məhkəmə qərarları göstərdikdən sonra mənə sonadək aclıq da etsək, Ülvinin yalnız ən gec avqustun 20-nə qədər apellyasiya məhkəməsinin qərarı ilə gələcəyini, başqa cür mümkün olmadığını dedi.

Umbakının rəisinin Ülviyə söz verdiyini, amma gətirmədiyini dedim. Elnur İsmayılov “kimsə söz verdi, etmədi özü bilər, amma mən elə oğlanlardan deyiləm, dedimsə, avqustun 20-dək gələcək, deməli gələcək. O vaxtacan ac qalmayın siz də dayandırın” dedi.

Mən qəbula Umbakının rəisi ilə danışacağımızı dedikləri üçün gəldiyimi dedim. Təranə Quliyeva isə sözünü danaraq elə bir şey demədiyini dedi.

Aclığın yeddinci gününün səhərini rəis müavini Cavid Güləliyev, bir neçə kişi nəzarətçi və həkimlə açdım. Nəzarətçilər otağa daxil olar-olmaz çəkməcələri qarışdırmağa, əşyalarımın içini axtarmağa başladılar. Nə etdiklərini soruşanda “natamam axtarış” cavabını verdilər. 
Yemək olmasın deyə keçirdikləri başqa kamerada özlərindən şübhə edib yemək axtarırlarmış.

Əşyalarımı, döşəklərimi, yastığımı-bütün otağı ələk-vələk etdilər. Heç nə tapmadıqlarını görəndə Cavid Güləliyev düşüncəli şəkildə “Yox e, burda nəsə “şakal” var” dedi. 

Həkim qan analizi götürüb, təzyiqimi ölçdü. Həkim təzyiqimin 120 olduğunu deyəndə Güləliyev “Nə? 7 gün aclıq edənin təzyiqi necə 120 olur? Nəsə var bu işdə”, deyə təəccüblə dedi. “Nə demək istəyirsiniz, yəni, biz burada yemək yeyirik?” deyə soruşdum.

Cavid Güləliyev nəzarətçilərlə dolu koridorda kiçik nəfəslikdən kiminsə bizə nəsə ötürdüyünü, ona görə də davam edə bildiyimizi düşünürmüş. Ona dəhlizdəki kameralara açıq baxmağı və bizi özləri ilə səhv salmamağı məsləhət gördüm. “Sən hələ 7 gün ac qalmısan belə danışırsan, nəysə qan analizinin nəticəsində biləcəyik düzünü”, dedi.

Ümid edirəm analizin nəticəsindəki 2.7 qlükoza səviyyəsi Cavid Güləliyevi qane edib. Qanda şəkərim çox düşdüyündən həkim sistem qoşmağı təklif etdi, amma imtina etdim. 

İyulun 28-də aclığı dayandırmaqla bağlı izahat yazdığımız otaqda gecə növbəsinin həkimi var idi. Amma həmin an oradakı mövcudluğunun səbəbi bilinmədi. Çünki həkim aclığı dayandırandan sonra necə qidalanmaq lazımdır, nələrə diqqət edilməlidir və digər məsələlər barədə danışmağı lüzum görmədi. Adətən gecələr təzyiqini ölçdürmək istəyən dustaqlara “yanımda təzyiqölçən yoxdur” deyən həkimdən bundan artığını gözləmək absurd olardı.

Aclıq aksiyası dövrü yaddaşımda narahatlıqlarla qaldı. Bu dövrdə ailəm məndən, mən ailəmdən nigaran qaldım. Aclıqda olan Sevincdən və Elnarədən nigaran qaldım, bizdən xeyli uzaq məsafədə aclıq edən Ülvidən nigaran qaldım. Otaq yoldaşlarımız bizə görə narahat olub bizi görmək üçün hər dəfə nəzarətçilərlə mübahisə edirdi.

Və xüsusilə bu dövr təcridxana rəhbərliyinin 8 gün ərzində aclıq aksiyasına davam edə bilməyimizdən keçirdikləri narahatlıq və dayandırmağımız üçün çıxardıqları oyunlarla xatirəmdə qalacaq.

Nərgiz Absalamova

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun