İran hökuməti son aylarda on minlərlə sənədsiz əfqan vətəndaşı ölkədən deportasiya edib. BBC-nin araşdırmasına görə, deportasiya edilən şəxslər saxlanma zamanı fiziki zorakılıq, aşağılayıcı münasibət və casusluq ittihamları ilə üzləşdiklərini bildirirlər. İran tərəfi isə bu tədbirləri “milli təhlükəsizlik” ilə əsaslandırır.
Bir əfqan vətəndaşı BBC-yə danışarkən paltarını qaldıraraq kürəyindəki dərin göyərmələri göstərib. Onun sözlərinə görə, saxlanıldığı müddətdə İran rəsmiləri onu casusluqda ittiham edərək döyüblər:
“Bizi su borularıyla və taxta parçaları ilə döyürdülər. Bizlə heyvan kimi rəftar etdilər.”
O, bu açıqlamanı İslam Qala sərhəd keçid məntəqəsində, Əfqanıstana qayıtmadan öncə verib. O, İranda iki il yarım yaşayıb.
Digər deportasiya olunan şəxs isə bildirib ki, onu saxlayan İran polisi vizasını və pasportunu cıraraq onu və digərlərini döyüb:
“Plastik dəyənəklərlə döyürdülər, deyirdilər: "Sən casussan, ölkəmizi dağıdırsan."”
İran rəsmiləri bildirir ki, hazırda ölkədə 4 milyondan çox sənədsiz əfqan yaşayır. Mart ayında sənədləri olmayan şəxslərə ölkəni tərk etmək üçün iyula qədər vaxt verilsə də, iyun ayında İsraillə baş verən qısa müharibədən sonra İran hakimiyyəti deportasiyaları kütləvi şəkildə həyata keçirməyə başlayıb.
BMT-nin məlumatına görə, iyulun əvvəlində bir gün ərzində deportasiya olunanların sayı 50 minə qədər yüksəlib.
Tənqidçilər hesab edirlər ki, casusluq ittihamları hökumətin sənədsiz əfqanları deportasiya etmək planına qanunilik görüntüsü qazandırmaq məqsədi daşıyır.
BBC İran hökuməti ilə əlaqə saxlamağa cəhd edib, lakin cavab ala bilməyib. 18 iyul tarixində hökumətyönlü İran İslam Respublikası Xəbər Agentliyi bildirib ki, əfqan qaçqınlarının “gərginlik olmadan və insan haqlarına hörmətlə” geri qaytarılması “bütün səviyyələrdə izlənilən bir hədəfdir”.
Əfqanlarla İsrailin gizli xidmətləri arasında əməkdaşlığa dair onlayn iddialar müharibənin əvvəlində başlamışdı.
13 iyunda İsrailin İranın nüvə və hərbi obyektlərinə hücum etdiyi gün hökumət əhaliyə müraciət edərək, İsrail agentlərinin silahlarını daşıya biləcək şübhəli yük maşını hərəkətləri kimi halları bildirməyi istəyib.
Bundan sonra, geniş izləyici kütləsi olan Telegram kanalları bənzər ifadələrlə xəbərdarlıq mesajları paylaşıb. Lakin onlar əlavə ediblər ki, əhali “yadplanetli vətəndaşlara” qarşı diqqətli olmalıdır, xüsusilə böyük şəhərlərdə yük maşını sürənlərə.
Bu ifadə İranda əsasən əfqanları təsvir etmək üçün istifadə edilir.
Ertəsi gün, İsrail hücumları ilə əlaqəsi olduğu iddia edilən bir sıra şəxslərin, o cümlədən bəzi əfqanların saxlanıldığı xəbərləri yayılıb.
16 iyunda, xəbər kanalları əfqanların saxlanıldığı bir videonu yayımlayaraq iddia edib ki, onların üzərində dronlar olub. Video sürətlə yayılıb.
Lakin sonradan videonun köhnə olduğu və sənədsiz statusda olan miqrantların saxlanılmasını əks etdirdiyi məlum olub.
Bu saxlanmaları casusluqla əlaqələndirən paylaşımlar sosial media platformalarında yayılmaqda davam.
“Əfqanların çıxarılması milli tələbdir” həştəqi bir ay ərzində X platformasında 200 000 dəfədən çox paylaşılıb. Təkcə 2 iyul tarixində 20 000-dən çox paylaşım edilib.
"Afghan Witness" təşkilatından müstəqil bir tədqiqatçı bildirir ki, İranda sosial mediada əfqanlara qarşı ritorika yeni deyil, lakin bu dəfə fərq ondadır ki, “dezinformasiya təkcə istifadəçilərdən yox, həm də İranla əlaqəli mediadan gəlir”.
BMT-nin Qaçqınlar üzrə Agentliyinə görə, yanvar ayından bəri İrandan 1,5 milyondan çox əfqan çıxıb. Taliban rəsmiləri bildirib ki, 22 iyun – 22 iyul tarixləri arasında 918 000-dən çox əfqan İrandan Əfqanıstana daxil olub.
Onların bəziləri nəsillər boyu İranda məskunlaşanlardı.
1970-ci illərdən bəri milyonlarla əfqan İrana və Pakistana qaçıb. Ən böyük axınlar 1979-cu ildə Sovetlərin Əfqanıstana müdaxiləsi və 2021-ci ildə Talibanın yenidən hakimiyyətə qayıtması zamanı baş verib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Talibanın idarə etdiyi Əfqanıstan bu qədər insanı geri qəbul etmək gücündə deyil. Ölkə artıq Pakistandan deportasiya edilən yüz minlərlə əfqanı qarşılamaqda çətinlik çəkir.