Dövlət Departamentinin hesabatı: “Hakimiyyət “Abzas Media”dan korrupsiya araşdırmalarına görə qisas alır”

Dövlət Departamentinin hesabatı: “Hakimiyyət “Abzas Media”dan korrupsiya araşdırmalarına görə qisas alır”
14 Avqust 2025
Mətni dəyiş

ABŞ Dövlət Departamenti 2024-cü il üzrə illik insan hüquqları hesabatını dərc edib. Sənəddə Azərbaycanın insan hüquqları vəziyyətində ciddi dəyişiklik olmadığı vurğulanır, hökumətin isə müstəqil səsləri, xüsusilə korrupsiya araşdırmaları aparan jurnalistləri hədəfə aldığı qeyd olunur.

Hesabatda “Abzas Media işi” ayrıca diqqət mərkəzinə çəkilib, jurnalistlərin həbsinin birbaşa onların peşə fəaliyyəti ilə bağlı olduğu qeyd edilib.

Bildirilib ki, nəşrin baş redaktoru Sevinc Vaqifqızı və direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrında “valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs edilib. Beynəlxalq müşahidəçilər isə bu həbsləri jurnalistlərin yüksək vəzifəli məmurlar barədə apardıqları korrupsiya araşdırmalarına görə həyata keçirilən qisas kimi qiymətləndirir.

Hesabatda Ülvi Həsənlinin həbsdə şahidi olduğu sistemli hüquq pozuntularına dair sənədləşdirdiyi faktlar yer alır. O, məhbusların “dəyənəklərlə döyülməsi, dəmir barmaqlıqlardan asılması, ağrılı vəziyyətdə qandallanması” kimi halları təsvir edib və təcridxana şəraitini “ləyaqəti alçaldan və qeyri-insani” adlandırıb. Dövlət Departamenti bildirir ki, bu məlumatların yayılmasından sonra Həsənli özü də qeyri-insani rəftara məruz qalıb.

Sevinc Vaqifqızının isə həbsxanadakı qadınlara qarşı zorakılıq barədə danışdığı üçün ailəsi ilə telefon əlaqəsinə məhdudiyyət qoyulduğu vurğulanır.

Hesabatda bildirilir ki, Konstitusiya və qanunun söz azadlığını, o cümlədən media nümayəndələrinin ifadə azadlığını təmin etməyinə və senzuranı qadağan etməyinə baxmayaraq, Azərbaycan hökuməti bu hüquqları mütəmadi olaraq pozur.

Hökumət ifadə azadlığını və medianın müstəqilliyini məhdudlaşdırır, jurnalistlər, redaktorlar və müstəqil bloggerlər təzyiq, hədə və hətta fiziki zorakılıqla üzləşir, bəzən isə həbs olunurlar. Xaricdə fəaliyyət göstərən və mediaya bağlı şəxslərə qarşı da şübhəli zorakılıq halları qeydə alınıb.

2022-ci il “Media haqqında”qanun əsasında jurnalistlərə müxtəlif məhdudiyyətlər tətbiq olunur, həm ölkə daxilində, həm də mühacirətdə yaşayan media işçiləri, bloggerlər və fəallar, eləcə də onların ailə üzvləri hökuməti tənqid etməməyə məcbur edilir.

Müşahidəçilər qeyd edir ki, siyasi opponent və ya tənqidçi hesab edilən şəxslərə qarşı təqib və həbslər məhkəmə sistemindən sui-istifadə edilərək fərqli fikrin cəzalandırılması hallarına dair ciddi narahatlıq yaradır.

Hesabata görə, Azərbaycanda jurnalistlər peşə fəaliyyətlərinə görə həm hökumət qurumları, həm də onların adından hərəkət edən şəxslərin zorakılığına, təhdid və təqiblərinə məruz qalır. Bu hallar həm onlayn, həm də fiziki müstəvidə baş verir. Polis bəzən jurnalistlərin və bloggerlərin peşə fəaliyyətini məhdudlaşdırmaq və mətbuat azadlığını boğmaq üçün zor tətbiq edir.

İl ərzində yayımlanan televiziya və çap mediasında hökumətə məxsus və hökumətyönlü KİV-lər üstünlük təşkil edib. Yalnız onlayn fəaliyyət göstərən məhdud sayda müstəqil və yarı-müstəqil media qurumları hökumət siyasətinə dair daha geniş fikir müxtəlifliyi təqdim etsə də, bu saytların əksəriyyəti ölkə daxilində bloklandığından yerli istifadəçilər üçün əlçatmaz olub. Hökumət həmin media qurumlarının əməkdaşlarını təzyiq, həbslər və müxtəlif formalı təqiblərlə susdurmağa çalışıb.

Yerli müşahidəçilər bildirir ki, müstəqil media təmsilçiləri kiberhücumlara da məruz qalır. Bundan başqa, media nümayəndələri hələ də 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun işinin səmərəli şəkildə araşdırılmasını tələb edirlər.

Bildirilib ki, 2023-cü ilin noyabrından etibarən Azərbaycanda ən azı 40 müstəqil jurnalist və vətəndaş cəmiyyəti fəalı həbs edilib. Hesabatda saxlanılan jurnalist və fəalların istintaq və ya həbs yerlərində fiziki zorakılığa məruz qalması barədə etibarlı məlumatlar yer alır.

Bu həbslər, beynəlxalq müşahidəçilərin fikrincə, ölkədə müstəqil medianın və vətəndaş cəmiyyətinin fəaliyyətinə qarşı genişmiqyaslı təzyiq kampaniyasının tərkib hissəsidir.

Sənəddə təzyiqlərin yalnız media ilə məhdudlaşmadığı, tanınmış müxalifət lideri Tofiq Yaqublunun “dələduzluq” və “saxtakarlıq” ittihamları ilə həbsi sübut çatışmazlığı səbəbindən əsassız sayıldığı bildirilir. AXCP sədri Əli Kərimliyə qarşı açılan cinayət işinin də siyasi müxalifəti susdurmaq məqsədi daşıdığı qeyd olunur.

Hesabat hökumətin repressiyaları ölkə xaricinə daşıdığını da sənədləşdirir. Fransada siyasi mühacir Vidadi İsgəndərovun oktyabrın 2-də qətlə yetirilməsi və jurnalist Əfqan Sadıqovun Azərbaycanın sorğusu əsasında Gürcüstanda “hədə-qorxu” ittihamı ilə həbsi buna nümunə göstərilir. “Amnesty International” hər iki hadisə ilə bağlı ciddi narahatlıq ifadə edib.

Sənəddə müstəqil həmkarlar ittifaqlarının fəallarının da təqib olunduğu vurğulanır. Kuryerlərin tətilini təşkil edən “İşçi Masası” hərəkatının fəalları Afiəddin Məmmədov, Elvin Mustafayev və başqaları həbs edilib.

Hesabatda “ixtiyari qətllər, işgəncə, əsassız həbslər” kimi ciddi problemlər sadalanır və qeyd olunur ki, “hökumət insan hüquqları pozuntularında əli ola biləcək məmurları müəyyənləşdirmək və cəzalandırmaq üçün etibarlı addımlar atmayıb”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun