Avqustun 13-də Bakı Apellyasiya Məhkəməsində sülh fəalı Bəhruz Səmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verdiyi şikayətə baxılıb.
Şikayətə Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Məhkəmə prosesi qapalı keçirilib.
Yaxınlarının "Meydan TV"yə verdiyi məlumata görə, prosesdə ümumilikdə 20-dən çox vəsatət qaldırılıb. Lakin heç biri təmin edilməyib.
Prosesdən bir gün öncə Səmədov nənəsinə vəziyyətinin yaxşı olmadığını və məhkəmə iclasında iştirak etməyəcəyini deyib.
Nənəsi Zibeydə Osmanova bildirib ki, Səmədov sülh sazişinin paraflanmasına baxmayaraq niyə hələ də həbsdə olduğunu sorğulayıb:
“Elə əsas onu deyir ki, sülh müqaviləsi bağlayırlar, niyə məni buraxmırlar azadlığa?”.
Səmədov avqustun 13-dəki prosesdə iştirak etsə də, heç bir çıxış etməyib. İş üzrə növbəti məhkəmə prosesi avqustun 20-ə təyin olunub.
Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovu ötən il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evində axtarış aparılıb, şəxsi əşyaları, kompüteri götürülüb. Ona qarşı dövlətə xəyanət maddəsilə cinayət işi açılıb.
2025-ci il iyunun 23-də Səmədov 15 il azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Səmədova 16 il həbs cəzası istəmişdi. O, bundan sonra intihara cəhd etmişdi.
Bəhruz Səmədov özünü təqsirli saymır. Yerli və beynəlxalq insan hüquqları təşkilatları onun həbsini siyasi motivli hesab edir.