Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə “Abzas Media işi” üzrə apellyasiya məhkəməsinin hazırlıq iclasında baş verənlərlə bağlı çağırış edib.
“Sərhədsiz Reportyolar” təşkilatı (RSF) və “Amnesty İnternational” bununla bağlı sosial mediada paylaşım edib.
RSF qeyd edib ki, apellyasiya məhkəməsinin ilk günündə jurnalistlər Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnara Qasımovanın müdafiə hüquqları yenidən pozulub və onların məhkəmə prosesini eşitməsinə imkan verilməyib.
Təşkilat bu davranışın dərhal dayandırılmasına və jurnalistlərin azad edilməsinə çağırış edib.
“Amnesty International” da Azərbaycan hakimiyyətini ədalətli məhkəmə araşdırması prinsipinə riayət etməyə çağırıb.
Bununla yanaşı, təşkilat beynəlxalq ictimaiyyəti 26 avqustda keçiriləcək növbəti iclasda iştirak edərək məhkəmə prosesini izləməyə və heç vaxt peşə fəaliyyətinə görə həbs olunmamalı olan jurnalistlərlə həmrəylik nümayiş etdirməyə dəvət edib.
“Abzas Media jurnalistləri öz işlərini gördüklərinə görə həbsə məhkum olmamalı idilər”, təşkilat deyib.
Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova məhkəmə zalının uzaq küncündə şüşə arxasında saxlanılıblar.
Prosesdə mikrofonlar işləmədiyindən onlar vəkillərin nə dediyini eşitmədiklərinə görə etiraz ediblər və hakim onların məhkəmə zalından çıxarılmasını istəyib.
Bu zaman Penitensiar Xidmətin əməkdaşları onlara zorakılıq edib, itələyiblər.
***
Azərbaycan prezidenti İlham Əliyev və yaxın ətrafı ilə bağlı silsilə korrupsiya araşdırmaları aparan "Abzas Media"nın əməkdaşları 2023-cü ilin noyabrında başlayan cinayət işi üzrə saxlanılıblar. 2024-cü ilin mayında "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də bu iş çərçivəsində həbs edilib.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.