Avqustun 8-də paraflanmış “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni ictimaiyyətə təqdim olunub.
Sənədi Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri paraflayıblar. Saziş 17 maddədən ibarətdir və əsas məqsədi iki ölkə arasında uzunmüddətli və davamlı sülhün təmin edilməsidir.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan və Ermənistan bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təmininə zərurət olduğunu qəbul edərək, dövlətlərarası münasibətlərin qurulması ilə bu məqsədə nail olmağı hədəfləyirlər.
Həmçinin vurğulanıb ki, BMT Nizamnaməsi, 1970-ci il “Dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq prinsipləri haqqında Bəyannamə”, 1975-ci il Helsinkidə imzalanmış ATƏT-in Yekun Aktı və 1991-ci il 21 dekabr tarixli Almatı Bəyannaməsi əsas götürülərək, mehriban qonşuluq münasibətlərinin yaradılması niyyəti ifadə olunur.
Sənədin əsas müddəaları aşağıdakılardır:
Maddə I
Tərəflər keçmiş SSRİ tərkibindəki inzibati sərhədlərin müstəqillikdən sonra beynəlxalq sərhədlərə çevrildiyini və beynəlxalq birlik tərəfindən tanındığını təsdiqləyir, qarşılıqlı olaraq suverenliyi, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyi tanıyır və hörmət edirlər.
Maddə II
Tərəflər bir-birinə qarşı hər hansı ərazi iddiasının olmadığını və gələcəkdə olmayacağını təsdiqləyir. Hər iki tərəf digərinin ərazi bütövlüyü və ya siyasi birliyini pozmaq məqsədli hərəkətləri planlaşdırmaqdan, hazırlamaqdan, dəstəkləməkdən çəkinəcək.
Maddə III
Tərəflər gücdən istifadə etməyəcək, güc tətbiqi ilə hədələməyəcək, öz ərazilərindən üçüncü tərəfin digər tərəfə qarşı hərbi məqsədlərlə istifadəsinə icazə verməyəcək.
Maddə IV
Tərəflər qarşılıqlı olaraq bir-birinin daxili işlərinə müdaxilədən imtina edəcəklər.
Maddə V
Sazişin ratifikasiyasından sonra müəyyən olunmuş müddətdə diplomatik münasibətlər qurulacaq və bu proses 1961 və 1963-cü illərin müvafiq konvensiyalarına uyğun aparılacaq.
Maddə VI
Tərəflər sərhədin delimitasiyası və demarkasiyası üzrə danışıqlar aparacaq, bu məqsədlə sərhəd komissiyaları yaradılacaq.
Maddə VII
Tərəflər qarşılıqlı sərhədlərinə üçüncü ölkələrin hərbi qüvvələrini yerləşdirməyəcək, delimitasiya və demarkasiya başa çatana qədər təhlükəsizlik və etimad tədbirləri həyata keçirəcəklər.
Maddə VIII
Tərəflər dözümsüzlük, irqi nifrət, separatizm, ekstremizm və terrorizmi pisləyir, bu hallarla mübarizə aparmaq öhdəliyi götürürlər.
Maddə IX
İtkin düşmüş şəxslər və məcburi yoxaçıxma hallarının araşdırılması, qalıqların axtarışı və geri qaytarılması istiqamətində əməkdaşlıq ediləcək. Bu məqsədlə ayrıca saziş imzalanacaq.
Maddə X
İqtisadiyyat, tranzit, nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət sahələrində əməkdaşlıq üçün ayrıca razılaşmalar bağlana bilər.
Maddə XI
Saziş tərəflərin digər beynəlxalq müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmir.
Maddə XII
Tərəflər beynəlxalq hüquq prinsiplərinə və bu Sazişə əsaslanacaq, daxili qanunvericiliyə istinad edərək öhdəliklərdən yayınmayacaqlar.
Maddə XIII
Sazişin icrasına nəzarət üçün ikitərəfli komissiya yaradılacaq.
Maddə XIV
Sazişin təfsiri və tətbiqi ilə bağlı mübahisələr məsləhətləşmələr yolu ilə həll olunacaq, nəticə əldə edilməzsə, digər dinc vasitələrdən istifadə ediləcək.
Maddə XV
Saziş qüvvəyə mindikdən sonra tərəflər aralarındakı bütün dövlətlərarası iddiaları, şikayətləri və icraatları bir ay ərzində geri çəkəcək və gələcəkdə yeni iddialar qaldırmayacaqlar.
Maddə XVI
Saziş tərəflərin daxili prosedurlarını tamamlamasından sonra qüvvəyə minəcək və BMT-də qeydiyyata alınacaq.
Maddə XVII
Saziş Azərbaycan, erməni və ingilis dillərində imzalanıb, bütün mətnlər eyni dərəcədə autentikdir. Fikir ayrılığı yaranarsa, ingilis dilindəki mətndən istifadə ediləcək.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə müraciətindən sonra ATƏT-in Minsk prosesi və əlaqədar strukturların — o cümlədən ATƏT sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun — fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar layihəsi ATƏT üzv dövlətlərinə təqdim olunub və onların bu qərarı dəstəkləməsi çağırılıb.