Ailəsi Nazim Bəydəmirlinin səhhətindən narahatdır

Ailəsi Nazim Bəydəmirlinin səhhətindən narahatdır Foto: Meydan Tv
6 Avqust 2025
Mətni dəyiş

Həbsdə olan iqtisadçı alim, keçmiş millət vəkili Nazim Bəydəmirlinin ailəsi onun həyatının təhlükədə olduğunu deyir.

Avqustun 5-də həyat yoldaşını ziyarət edən Fəridə Bəydəmirli yazır ki, onun səhhəti kəskin şəkildə pisləşib.

Onun sözlərinə görə, Nazim Bəydəmirlinin üzünün rəngi qaralıb, halsızdır, dayanmadan tərləyir və danışmağa taqəti yoxdur:

“Həkimlərlə məsləhətləşib dərmanlar apardım, antibiotik, eyfulin, natrixlor və s. Ancaq bu dərmanlar Nazimin sağalmağı üçün çox primitiv müalicədir. Heç həkim olmayan da bilir ki sətəlcəm olan xəstə, xəstəxana şəraitində müalicə almalıdır, sistemlər olunmalıdır, saturasiyası düşərsə, oksigen balonundan istifadə olunmalıdır. Mənim aldığım dərmanları həbsxanada tədbiq edəcək həkim yoxdur.”

Fəridə Bəydəmirli məsul şəxslərə müraciət edərək həyat yoldaşının təcili xəstəxanaya köçürülməsini və normal tibbi yardım göstərilməsini tələb edib.

Nazim Bəydəmirli 2023-cü ilin iyulunda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

İttiham aktında qeyd olunub ki, sabiq deputat pay sahibi olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib. Nəticədə 2023-cü ilin iyununda 10 min manat alıb.

Digər ittihama görə, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməyi tələb edib və sonda istəyinə nail olub. 

Nazim Bəydəmirli isə ittihamları rədd edərək ekologiya məhbusu olduğunu deyib. İqtisadçının iddiasına görə, o Söyüdlüdə sianid gölünün tikintisinə etiraz edən sakinlərə dəstək çıxışları etdiyinə görə şərlənərək həbs olunub. Yerli hüquq müdafiəçiləri Nazim Bəydəmirlinin siyasi sifariş əsasında həbs olunduğunu bildirirlər.

2024-cü ilin sentyabrında Nazim Bəydəmirli 8 il müddətinə azadlıqdan məhrum edilib. 

O məhkəmədəki son sözündə Söyüdlüdəki ekoloji etirazlara dəstək çıxışları etdiyi üçün şərlənərək həbs olunduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun