“Abzas Media işi” üzrə apellyasiya məhkəməsində jurnalistlərə zorakılıq edilib: “Hakimi eşitmək üçün qulaq falına çıxmışıq”

“Abzas Media işi” üzrə apellyasiya məhkəməsində jurnalistlərə zorakılıq edilib: “Hakimi eşitmək üçün qulaq falına çıxmışıq”
12 Avqust 2025
Mətni dəyiş

Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” işi üzrə hazırlıq iclası keçirilib. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən məhkəmədə nəşrin qadın əməkdaşlarına qarşı zorakılıq olub, vəsatətlər təmin edilməyib.

Prosesdə vəkillər həbsdə olan Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı və Fərid Mehralızadənin Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına köçülürməsi ilə bağlı vəsatət verib. Hakim vəsatəti təmin etməyib. 

Bundan sonra vəkillər kişi və qadın jurnalistlərin bərabər oturmasını, yaxud qadın jurnalistlərin vəkillərlə bərabər oturması üçün vəsatət qaldırıb. Müdafiəçilər bunu onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi zamanı “Abzas Media işi” üzrə ittiham edilənlər zalda, vəkillərlə birlikdə otuzdurulub. Bu vəsatət də təmin edilməyib.

Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova məhkəmə zalının uzaq küncündə şüşə arxasında saxlanılıblar. Prosesdə mikrofonlar işləmədiyi üçün onlar vəkillərin nə dediyini eşitmədiklərinə görə etiraz ediblər.

“Bizi bura niyə gətirmisiniz? Özünüz üçün tamaşa qurmusunuz, şou göstərirsiniz. Biz heç bir şey eşitmirik. Hakimi eşitmək üçün qulaq falına çıxmışıq məhkəmədə”, deyən Vaqifqızı, Absalamova və Qasımova etiraz olaraq şüşəni döyəcləməyə və cavab tələb etməyə başlayıblar.

Bundan sonra hakim onların “qarışıqlıq” yaratdığını deyərək məhkəmə zalından çıxarılmasını istəyib. Bu zaman Sevinc Vaqifqızı hakimə “Siz bizə heç nə edə bilməzsiniz. Dediyinizin heç bir hökmü yoxdur. Siz İlham Əliyevin qulusunuz” -deyib.

İş üzrə mühakim olunanların hamısı əgər məhkəmə prosesləri belə keçəcəksə, iştirak etməyəcəklərini deyiblər.

Qadın jurnalistləri zaldan çıxaranda Penitensiar Xidmətin əməkdaşları onlara zorakılıq edib, itələyiblər. 

Növbəti məhkəmə prosesi avqustun 26-da baş tutacaq.

Azərbaycan prezidenti İlham Əliyev və yaxın ətrafı ilə bağlı silsilə korrupsiya araşdırmaları aparan "Abzas Media"nın əməkdaşları 2023-cü ilin noyabrında başlayan cinayət işi üzrə saxlanılıblar. 2024-cü ilin mayında "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də bu iş çərçivəsində həbs edilib.

Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.

İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun