İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Toplum TV”nin yazdığına görə, hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmədə təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.
Əvvəlcə “Toplum TV” əməkdaşı Fərid İsmayılov hakimlərdən Elnur Nuriyevin prosesdən kənarlaşdırılmasını tələb edib. O bildirib ki, Nuriyev digər siyasi motivli işlərdə sifarişli qərarlar çıxarıb və bu səbəbdən prosesdə iştirak etməməlidir. Vəsatət təmin olunmayıb.
Daha sonra “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli vəsatət qaldırıb. O qeyd edib ki, 2024-cü ilin martında həbs olunduqdan sonra Dövlət Vergi Xidməti ondan gəlirlərini bəyan etməsini tələb edib və buna görə onu cərimələyib. Məmmədli bildirib ki, notarial əməliyyatlar üçün sənəd almaq istəsə də, bu sənəd ona təqdim edilməyib. Məhkəmə onun bu şikayətinin Dövlət Vergi Xidmətinə göndərilməsi barədə qərar çıxarıb. Ələsgər Məmmədli çıxışında ittihamların əsassız olduğunu bildirib:
“BDU-nun hüquq fakültəsində təmənnasız dərs demişəm, maaşımı fakültəyə bağışlamışam. İndi isə məni tamah məqsədilə cinayət törətməkdə ittiham edirlər”.
O, ittiham aktında yer alan mütəşəkkil dəstə iddialarına da münasibət bildirib:
“Deyirlər ki, 2014-dən fəaliyyət göstəririk. Bizimlə həbs olunan İlkin Əmrahov o vaxt 12 yaşında olub. Onlar yalnız haqqın arxasınca getdiklərinə görə ittiham edilirlər”, - media eksperti deyib.
Məmmədli əlavə edib ki, “qanunsuz işəgötürmə” ilə bağlı ittihamlara baxmayaraq, 9 təqsirləndirilən və 49 şahiddən heç biri onun kimisə işə dəvət etdiyini deməyib. O, həmçinin 10 gün əvvəl keçirdiyi tibbi müayinənin nəticələrini hələ də ala bilmədiyini bildirib.
III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli də ittihamları rədd edib:
“Bizim yeganə günahımız 30 ildən çox mövcud olan avtoritar sistemə etiraz etməyimiz və şəffaf, hesabatlı dövlət istəməyimizdir”.
Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Əli Zeynal həm özlərinə, həm də “Abzas Media” və “Meydan TV” işlərində irəli sürülən ittihamların əsassız olduğunu deyib.
“Toplum TV”nin video redaktoru Müşfiq Cabbar qeyd edib ki, istintaq dövrü başa çatsa da, ortada hələ də sübut yoxdur.
İDİ əməkdaşı Ramil Babayev də ittihamları qəbul etmədiyini və əsl günahkarların kim olduğunu son sözündə açıqlayacağını bildirib.
İlkin Əmrahov ittiham aktındakı iddiaların ona aydın olmadığını deyib. Fərid İsmayılov isə yeganə “təqsirinin” polis nəzarətində olduğu dövrdə hazırladığı reportajları tamamlaya bilməməsi olduğunu qeyd edib.
Prosesdə zərərçəkən qismində çıxış edən Dövlət Vergi Xidməti təqsirləndirilən şəxslərin dövlət büdcəsinə 79 min manat ödəməsini tələb edib. Vəkillər Rəsul Cəfərov və Fəxrəddin Mehdiyev, habelə Ramil Babayev bu tələbi əsassız adlandırıblar. Babayev qeyd edib ki, müxtəlif dövrlərdə işləsələr də, hamıdan eyni məbləğ tələb olunması işin sifarişli xarakter daşıdığını göstərir.
Növbəti məhkəmə iclası iyulun 7-də saat 10:00-a təyin edilib.
2024-cü il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib.
Ümumilikdə “Toplum TV işi” üzrə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov həbs ediliblər.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılsa da, bu il yanvarın 17-də ağırlaşlaşdırıcı maddələrlə yeni ittihamlar irəli sürülüb.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib.
“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.