Təcridxana rəisi Sevinc Vaqifqızına sərinkeşi yayılan yazıların silinməsi qarşılığında verməyi təklif edir

Təcridxana rəisi Sevinc Vaqifqızına sərinkeşi yayılan yazıların silinməsi qarşılığında verməyi təklif edir
21 İyul 2025
Mətni dəyiş

Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızına sərinkeşi yayılan yazıların silinməsi qarşılığında verməyi təklif edib.
 

Bu barədə Vaqifqızı ailəsinə məlumat verib.
 
O bildirib ki, təcridxana rəisi bunu iyulun 19-da jurnalist Nərgiz Absalamovaya deyib. 
 
“Rəis deyib ki, əgər sərinkeşi içəri buraxmaqla mən Sevinc üçün yaxşı oğlan olacağamsa, o yazılar silinəcəksə, buraxım. Nərgiz də deyib, Sevinc buna heç vaxt razı olmaz. Təbii ki, razı olmaram. Haqqım olanı mənə verməlidirlər. Bazarlığa getmirəm. Sərinkeş qadağan olunan əşyalar siyahısında deyil və içəri buraxılmalıdır. Başqa həbs olunan şəxslərə buraxdıqları kimi. Ayrı-seçkiliyə məruz qalmamalıyıq,” – Sevinc Vaqifqızı bildirib.
 
Jurnalist bildirib ki, elə həmin gün rəis müavini Əhəd Abdıyev də onun kamerasına gələrək məhbuslara sərinkeş vermək öhdəliklərinin olmadığını deyib. Vaqifqızı isə cavabında təcridxanada havalandırma, soyutma sisteminin olmadığını və buna görə də sərinkeş verməli olduqlarını bildirib.
 
“Məhbusa çatacaq sərinkeşi təcridxananın mağazasına qoyub 35 manata satdırırsınız. Məhbus içəridə işləyib pul qazanmır ki, 35 manat verib sərinkeş alsın, bunu müəssisə verməlidir,” – jurnalist vurğulayıb.
 
Sevinc Vaqifqızının sözlərinə görə, iyulun 18-də 71-ci kamerada saxlanılan qadın məhbusun isti havalara görə halı pisləşib. 
 
“Təcridxana rəisinin növbətçi nəzarətçiləri soyuducudan litrlərlə soyuq suyu onun üstünə töküblər ki, özünə gələ bilsin. Rəis o dustağı düşünsün, məni yox. Mənim öz sərinkeşimi özümə versin, başqa bir şey istəmirəm” - jurnalist əlavə edib.
 
Sevinc Vaqifqızı iyulun 17-də məlumat yayaraq ailəsinin onun üçün gətirdiyi sərinkeşə Bakı İstintaq Təcridxanasının rəhbərliyinin həftələrdir icazə vermədiyini bildirib.
 
Vaqifqızının sözlərinə görə, təcridxana rəisinin müavini Əhəd Abdıyev sərinkeşə niyə icazə verilmədiyi sualına “Ürəyimiz belə istəyir. Keçən il ürəyimiz istədi, sərinkeşi içəri buraxdıq, bu il isə ürəyimiz belə istəyir, icazə vermirik”, cavabını verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun