“Sərhədsiz Reportyorlar” təşkilatı Milli Məclisin “Media haqqında” Qanuna yeni dəyişikləri təsdiqləməsi ilə bağlı bəyanat yayıb.
“Azərbaycan parlamenti iyulun 14-də ölkədə onsuz da müstəqil medianın mövcudluğunu faktiki olaraq qeyri-mümkün edən media qanununa dəyişiklikləri yekdil qərarla qəbul edib. Yeni dəyişikliklər media sektoruna əlavə məhdudiyyətlər tətbiq edir,”- təşkilat bildirib.
Yeni dəyişikliklərə əsasən, bundan sonra ölkədə fəaliyyət göstərmək istəyən xarici media qurumları dövlət qeydiyyatına alındıqdan sonra 7 gün ərzində Media Reyestrində də qeydiyyatdan keçməlidirlər. Bu tələbi yerinə yetirməyənlərin fəaliyyəti dayandırılacaq. Hökumət eyni zamanda “qanunvericilikdə nəzərdə tutulan hallarda” həmin media qurumlarının saytlarına girişin məhdudlaşdırılması hüququnu özündə saxlayır.
Təşkilat bildirib ki, dəyişikliklər arasında digər absurd tələblər də var.
“Məsələn, xəbər agentliklərinin fəaliyyət göstərə bilməsi üçün ən azı 20 yerli media orqanının onların xəbər lentinə abunə olması tələb olunur. Halbuki hazırda Azərbaycanda potensial müstəqil xəbər agentliklərinə abunə ola biləcək heç bir müstəqil media qalmayıb”.
“Sərhədsiz Reportyorlar” təşkilatı bəyanatında bu repressiv media qanununun ləğvini və hazırda həbsdə olan 29 jurnalistin azadlığa buraxılmasını tələb edib. Təşkilat onların hakimiyyətin medianı susdurmaq məqsədilə həyata keçirdiyi basqının qurbanları olduğunu vurğulayıb.
İyulun 14-də Milli Məclis “Media haqqında” Qanuna təklif edilən dəyişiklikləri qəbul edib. Dəyişikliklər media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliklərinin media subyekti kimi tanınmasını nəzərdə tutur.
Dəyişikliklərə əsasən, xarici media qurumlarının filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 iş günü ərzində Media Reyestrinə daxil edilməlidir. Qanun pozulduqda və ya Media Reyestrindən çıxarıldıqda həmin qurumların fəaliyyəti dayandırılacaq və onların saytlarına giriş məhdudlaşdırılacaq.
Yeniliklərə görə, xarici jurnalistlər və nümayəndəliklərdə çalışan əməkdaşlar Media Reyestrinə daxil edilməyəcək.
Qanun layihəsi informasiya agentlikləri üçün də tələbləri sərtləşdirir. Agentliklərin azı 20 media orqanı ilə müqaviləsi və 5 xarici ölkədə akkreditə olunmuş jurnalisti olmalıdır.
Ölkədə “Media haqqında” Qanun 2022-ci ilin fevralın 8-də təsdiq edilib.
Azərbaycanın müstəqil media nümayəndələri Konstitusiya Məhkəməsinə müraciət ediblər. Müraciətdə "Media haqqında" qanunun Avropa İnsan Hüquqları Konvensiyasına, Azərbaycan Konstitusiyasına zidd olduğunu bildiriblər.
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini mətbuata dövlət nəzarətini gücləndirən "Media haqqında" qanunu ləğv etməyə çağırıb.
Avropa Şurası Nazirlər Komitəsi ötən ilin dekabrında hakimiyyət orqanlarını “Media haqqında” qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edən qətnamə qəbul edib.
Hökumət qurumları qəbul edilən qətnaməylə bağlı rəy verməyiblər.