“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialı “Sputnik Azərbaycan”ın saxlanılan 7 əməkdaşından 5-i iyulun 3-də sərbəst buraxılıb.
Bu barədə onların yaxınları məlumat verib.
Bildirilib ki, onlar dindirildikdən sonra hər biri ölkəni tərk etməyəcəklərilə bağlı iltizama imza atıblar və sərbəst buraxılıblar.
“Əməliyyatdan sonra saxlanılanlardan bir nəfər elə həmin gün sərbəst buraxılıb. İyulun 3-ü isə Tahir Baliyev, Yusif Ağayev, Taleh Mahmudov və Ramin Babayev sərbəst buraxılıblar”.
Bu iş üzrə sərbəst buraxılanlar ancaq Azərbaycan vətəndaşlarıdır. Bundan əvvəl “Sputnik Azərbaycan” icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İyulun 3-ü axşam saatlarında Rusiyanın Bakıdakı konsulu Azərbaycanda saxlanılan ruslarla üç saatlıq görüş keçirib. Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Ancaq görüşün detalları açıqlanmayıb.
“Azadlıq Radiosu” yazır ki, “Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov “Sputnik-Azərbaycan”ın bu ölkədə fəaliyyətini davam etdirməsi üçün şəraitin olmadığını bildirib.
“"Rossiya Seqodnya" “Sputnik-Azərbaycan”ın rəhbərləri olan iki Rusiya vətəndaşının artıq dördüncü gündür Bakıda saxlanmasından dərin narahatdır. Onlarla birlikdə redaksiyanın bir neçə əməkdaşı - Azərbaycan vətəndaşları da saxlanıb. Təəssüflə bildiririk ki, bu gün “Sputnik-Azərbaycan”ın bu ölkədə fəaliyyətini davam etdirməsi üçün heç bir şərait yoxdur. Əməkdaşlarımız əsassız ittihamlarla üzləşiblər, uydurma bəhanə ilə həbs olunublar. Öz tərəfimizdən jurnalistlərimizin hüquqi müdafiəsini bütün mövcud vasitələrlə təmin edəcəyik", - bəyanatda vurğulanır.
İyunun 30-da Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan” agentliyinin Bakıdakı ofisində əməliyyat keçirib. Əməliyyat Yekaterinburqda 2 azərbaycanlının ölümü ilə nəticələnən polis zorakılığının fonunda keçirilib. Hökumət mediası yazıb ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu saytda çalışan 2 əməkdaşı həbs edilib.
İş üzrə Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3-cü (Qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri üzrə ittiham elan olunub.